«Bu məsələnin həlli istiqamətində mühüm addımlar atılıb».
«Qarabağ» Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyev Sportinfo.az-a açıqlamasında belə deyib.
Onun sözlərinə görə, klubun rəhbərliyi uzun müddətdir üzərinə düşdüyü problemi, nəhayət ki, həll edə bilib.
Akademiya yaratmaq üçün illərdir torpaq axtarışına çıxmış yönətim artıq arzuladığı məkanı tapıb. Həmin ərazi Suraxanı rayonunda yerləşir. Sahə bir neçə hektardır.
Bura SOCAR-ın balansındadır. Klubun başbilənləri neft şirkəti ilə danışıqlar apararaq, ərazini uzunmüddətli icarəyə götürmək barədə razılığa gəlib.
Anlaşmanın yaxın günlərdə rəsmiləşməsi planlaşdırılır.
Ağdam təmsilçisi bu prosesin ardınca orada tikinti işlərinə start verəcək. Akademiya binası və futbolçuların qalması üçün otel inşa olunacaq.
Həmçinin 10-a yaxın meydançanın salınması nəzərdə tutulub.
«Qarabağ»ın prezidenti Tahir Gözəl ilkin mərhələdə uşaq futboluna nə qədər vəsait ayıracağını hələ inişil açıqlayıb.
30 ilə yaxındır ölkə futboluna xidmət edən tanınmış iş adamı 2 milyon manatından keçməyə hazır olduğunu bildirib.
A.Hacıyev qeyd edib ki, akademiyanın layihəsi masanın üzərindədir:
«Ümidvarıq ki, texniki işlər tezliklə həllini tapacaq. Tikinti prosesinin nə vaxt başlaması bundan asılıdır.
Rəhbərliyimiz uzun müddətdir buna hazırdır. Uşaq futbolu bizim üçün çox vacibdir.
Çünki dağınılıq halda fəaliyyət göstərmək bütün klublara çətindir. Komandaların hərəsi bir yerdə məşq edirsə, onları nəzarətdə saxlamaq müşkül məsələdir.
Hamı bir bazada olarsa, iş daha planlı şəkildə qurulacaq və qısa müddətdə xeyli sayda istedad üzə çıxacaq».
