"Oyundan-oyuna gedirik, bu, mənə görə futbol deyil” - MÜSAHİBƏ

22:20 Müsahibə 174
"Oyundan-oyuna gedirik, bu, mənə görə futbol deyil” - MÜSAHİBƏ

İkinci Liqada 6-cı tur arxada qaldı. Turun ən sürpriz nəticəsi Şirvanda qeydə alındı.

Çempionluğu hədəfləyən meydan sahibləri liqanın autsayderlərindən olan “Difai” ilə bacarmadı - 3:3.

Azlıqda qalan qonaqlar sonda özlərində güc taparaq çətin səfərdən bərabərliklə ayrılmağı bacardılar.

“Şirvan”ın hücumçusu, böyük Premyer Liqa təcrübəsi olan Amil Yunanov Sportinfo.az-a müsahibəsində həm nəticəyə, həm də komandasının gələcək hədəflərinə toxunub.

– “Difai” ilə oyununda vacib 2 xal itkisi yaşandı. Qələbə qazanmağa nə mane oldu?

– Brinci hissədə 2:1 geri düşdük. İkinci hissədə hesabı 3:1-ə çevirdik. Sadəcə olaraq çox arxayınçılıq oldu. Həddindən artıq arxayınlaşdıq. Bizdən zəif komandaya qarşı belə oynamaq düzgün deyildi. 90-cı dəqiqədə penalti verdilər və rəqib qol vurdu. Oyunun bitməsinə 4 dəqiqə qalmışdı, heç nə edə bilmədik. Sonda belə cəzalandıq. Açığı, bir-iki tur əvvəldən bir qədər boş oynayırdıq. Bunun cəzasını da bu oyunda çəkdik.

– Bilirik ki, komandanın əsas hədəfi çempionluqdur. Sizcə, mövsümün sonunda bu hədəfə çatmaq mümkün olacaq? Bu yolda əsas rəqib hansı komandalardır?

– Bəli, əsas hədəf çempionluqdu. Çalışarıq çempion olaq. Düzdür, yaxşı komandalar var. “Marafon” var, “Qaradağ Lökbatan” var. “Qaradağ Lökbatan ” yaxşı komandadır, yaxşı futbol oynayırlar. Həqiqətən, onların futbolunu bəyənirəm, məşqçləri Amit Quluzadə çox yaxşıdır. Sonra “Zəngəzur” var, “Ağsu” var. Yəni yaxşı komandalar çoxdur. 4-5 yaxşı komanda var. Çempionat təzə başlayıb, ilk turlardır. Demək olar ki, 5-6 tur keçib. Qarşıda hələ çox oyun var. Görək, xeyirlisi necə olacaq. Çalışarıq, inşallah, çempion olaq.

– Artıq 6 turdan sonra 10 qolla bombardirlər cədvəlinin zirvəsindəsən. Öz çıxışını necə dəyərləndirirsən?

– Öz çıxışım barədə nə deyə bilərəm? Gedib oynayıb gəlirik. Elə böyük bir hədəfim yoxdur. Özümə də belə bir məqsəd qoymamışam ki, orada bombardir olum. Bombardir olsam, nə olacaq? Mənim üçün böyük bir şey deyil. Sadəcə istəyirəm qol vurum, komandaya kömək edim.

– Zəngin Premyer Liqa təcrübən var. Necə oldu ki, karyeranı İkinci Liqada davam etdirmək qərarına gəldin?

– Belə deyim, mən açığı bu il futbolu bitirmişdim. Həqiqətən, futbolu tamamilə buraxmaq istəyirdim. Məşqçi kimi davam edəcəkdim. Təklif aldığım bir-iki komanda da var idi, sadəcə alınmadı. İndi mən milli komandada oynadığıma görə C kateqoriyasını avtomatik götürmüşəm. C kateqoriyam var. Sırf məşqçiliyə başlamaq istəyirdim. Bir-iki akademiya ilə danışdım, amma elə oldu ki, alınmadı. Mənə İkinci Liqadan təklif var idi. Düşündüm ki, gedim oynayım. "Şirvan"da oynamaq təklifi oldu, mən də düşündüm ki, gedim, oynaya-oynaya davam edim. Orada komandanın baş məşqçisi yaxın dostumdur. Sırf ona görə getmişəm ki, orada oynayım və ona kömək edim.

– Artıq bir müddətdir aşağı liqada çıxış edirsən. Bu liqa ilə bağlı düşüncələrin necədir?

– Özünüz də bilirsiniz ki, İkinci Liqa tam peşəkar deyil. Birinci Liqadan fərqli olaraq, burada yarı peşəkar sistem var. Oyundan-oyuna gedirik. Elə də tam peşəkar futbolçular oynamır orada. Ona görə də özümü futbolu buraxmış kimi hiss edirəm. Elə hiss etmirəm ki, mən futbol oynayıram. Çünki futbolda hər gün məşqə getməlisən, gəlməlisən, oyunlara getməlisən, təlim-məşq toplanışlarında iştirak etməlisən. Mən belə futbol görmüşəm.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti