Qurban Qurbanov 14 ildir ona inanıb "Qarabağ"da saxlayır

02:00 Milli komanda 132
Qurban Qurbanov 14 ildir ona inanıb "Qarabağ"da saxlayır

(Azərbaycan millisinin Litva ilə oyunlarına həsr olunur)

Yaşı artıq 35-i keçib. Bura gələndə isə 20-nin içində idi.

Görəsən, onda heç özü təsəvvür edə bilərdi ki, Azərbaycana - bizim "Sumqayıt" klubuna icarə əsasında 10 aylıq səfəri sonra artıq azı 15 ili tamamlayan və hələ də davam edən böyük dövrə sığacaq? İnana bilərdi ki, özünün unudulmaz və hər zaman hörmətlə xatırlanacaq bir erasını yaradacaq?

Qonşu Dağıstanda doğulan Bədavi Hüseynov Berti Foqtsun vaxtında Azərbaycanın bütün yaş qrupu üzrə milli komandalarına gətirilmiş onlarla legionerdən biri idi. O vaxtdan gün günə, ay aya, il ilə calandı və Bədavi həmin o onlarla legionerdən biri olmadı.

Onların içində birincisi oldu...

Çoxusu getdi, amma o qaldı. Çünki gedənlər bura sadəcə cib doldurub, kef çəkməyə gəlmişdi, Bədavi isə xarakterli idmançı kimi.

Onun bioloji evi Dağıstandır, mənəvi evi Azərbaycan.

Amma çox legionerə, elə bir çox yerli oyunçuya da nümunə ola biləcək örnək tərəfi var: burada qazandığı pulun, yediyi çörəyin, içdiyi suyun, udduğu havanın haqqını layiqincə və ləyaqətlə verir.

Bu öz yerində.

Amma həm meydanda, həm ondan kənarda bir də yüksək mədəniyyət göstərir. Adı qalmaqallarda, intriqalarda hallanmır. Çətin anlarında isə iradə göstərməyi, yenidən ayağı qalxmağı və komandasının dirəyi olmağı bacarır.

Elə ona görədir ki, Qurban Qurbanov 14 ildir Bədaviyə inanıb onu "Qarabağ"da saxlayır.

Həm də elə ona görədir ki, Azərbaycanın əsas millisində keçirdiyi oyun sayı artıq 82-yə çatıb.

Bizim eldə belələrinə hörmət mənasında "qoca qurd" da deyirlər...

Amma o qurd indi elə bil təzədən ikinci cavanlığını yaşayır.

20 yaşlı Bədavi kimi (qol.az)....

Aydın Bağırov

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 18:10 Çək və bizə göndər!
5 Oktyabr 09:20 "Sakit qalmaq lazımdır"