Litva millisinin müdafiəçisi Sportinfo.az-a müsahibə verib.
“Astana”da legioner həyatı yaşayan Kipras Kajukolovas yığmasının Azərbaycan seçməsinə 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmadan sonra sualları cavablandırıb.
- Nə gözləyirdiniz, nə baş verdi?
- Gözlədiyimiz təbii ki, qələbə idi. Bura 3 xal dalınca gəlmişdik. Oyunun gedişində yaşanan mübarizələr və ikili duellər hər iki komandanın qələbə üçün çalışdığını göstərdi. Həm Azərbaycan, həm də biz bu gün çox enerji itirdik, çox sayda qol imkanları yaratdıq. Lakin cəmi 1 qol vuruldu, təəssüf ki, həmin qol rəqibin aktivinə yazıldı.
- Məğlubiyyətin səbəb(lər)ini nədə görürsən?
- Azərbaycan qol buraxmadı, lakin biz buraxdıq. Azərbaycan qol vurdu, biz vura bilmədik. Futbol belədir – sənin bacarmadığını rəqibin edirsə, üzülməyə məhkumsan.
- Bu qələbədən sonra Azərbaycan yığması ilə ilk pilləyə yüksəldi. Mübarizənin başa çatdığını deyə bilərik, yoxsa yığmamızda qarşılaşmada Lixtenşteyndən növbəti sürprizi gözləyirsən?
- Lixtenşteynli futbolçular həm bizimlə, həm də sizinkilərlə oyunlarda futbol oynamağı bacardıqlarını göstərdilər. Hələ heç nə bitməyib. Futbol sürprizlərlə doludur. Azərbaycan səfərdə xal itirsə, biz isə öz meydanımızda Lixtenşteyni udsaq, vəziyyət kökündən dəyişəcək. Hələ də ümidliyik.
- Bakı, stadion, şərait – səfərlə bağlı təəssüratların necədir?
- Möhtəşəm, sadəcə möhtəşəm. Bakını çox bəyəndim. Stadion da kifayət qədər müasir görünür. Ən xoş sözləri deyə bilərəm.
HƏBİB
