Bədavi Hüseynov futbolu Azərbaycan dilində “danışdı”

16:40 Hadisə 185
Bədavi Hüseynov futbolu Azərbaycan dilində “danışdı”

Azərbaycan millisi Litva üzərində qazandığı vacib qələbə sayəsində xal sayını 5-ə yüksəldib qrup liderliyinə yüksəldi.

Bu qələbədə bütün futbolçuların müəyyən payı olsa da, meydanın ən yaxşısı tərəddüdsüz Bədavi Hüseynov idi.

35 yaşlı kapitan bir daha göstərdi ki, təcrübə, xarakter və futbolu oxumaq bacarığı heç bir statistik göstərici ilə ölçülmür.

İllərdir Azərbaycan millisinin şərəfini qoruyan Hüseynov bu dəfə də meydanda əsl kapitan obrazını yaratdı. Gənc futbolçular üçün nümunə oldu.

Pişik çevikliyi, canavar əzmkarlığı, şir möhkəmliyi ilə mübarizə apardı. Kritik müdaxilələr etdi, hava toplarında inamlı oynadı, təhlükəni hamıdan əvvəl hiss etdi, oyunun gedişatını oxudu.

Bəli, digər futbolçular da qələbə üçün əllərindən gələni etdilər. Amma bu oyunda Bədavinin təcrübəsi bir neçə epizodda hesabın və nəticənin dəyişməsinə imkan vermədi. Onun meydandakı davranışı, qərarları və mübarizəsi 35 yaşında hələ də Azərbaycan millisi üçün lazımlı futbolçu üçün ciddi ehtiyac olduğunu göstərdi.

Bəzən Bədavi Hüseynovun Azərbaycan dilini bilməməsi, himni oxumaması müzakirə mövzusuna çevrilir. Bu məsələlər ətrafında müxtəlif fikirlər səslənir. Amma futbolun da öz dili var.

Bədavi bu dili çox yaxşı bilir futbolun dilini.

Azərbaycan dilində danışmasa da, futbolu Azərbaycan dilində danışanların bir çoxundan daha yaxşı oynayır.

Çünki milli komandaya töhfə verməyin əsas göstəricisi meydandakı işdir. Azərbaycan dilində danışmaq yox, Azərbaycan millisinin müdafiəsində Azərbaycan adına məsuliyyət daşımaqdır.

Bədavi Hüseynov bunu Litva ilə oyunda bir daha nümayiş etdirdi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:57 Litvanı məğlub etdik