Azərbaycan UEFA Millətlər Liqasının D Liqası, II qrupunda Litva üzərində 1:0 hesablı qələbə qazanaraq, 5 xalla qrup liderliyinə yüksəldi.
Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybullayev vurdu.
Bu qələbə xüsusilə vacib idi, çünki Litva oyundan əvvəl 4 xalla qrup lideri idi, Azərbaycan isə 2 xala malik idi.
Lakin oyunun əhəmiyyəti yalnız hesabda deyil. Komandamız oyunun müxtəlif mərhələlərində fərqli ssenarilərə uyğunlaşa bildi: əvvəlcə daha balanslı futbol oynadı, hesabı açdı, sonra Litvanın təzyiqini qəbul etdi və ən əsası, matçın sonuna qədər nəticəni qorudu.
Matçın ilk dəqiqələrində hər iki komanda ehtiyatlı oynayırdı. Litva topa nəzarəti öz əlində saxlamağa çalışsa da, Azərbaycan müdafiədə kompakt görünürdü.
15-ci dəqiqədə təhlükəli hücum təşkil etdik və Litva qapıçısı Tomas Şvedkauskas zərbəni qaytardı. 20-ci dəqiqədə isə Litva hesabı açmağa yaxın oldu.
Artur Doljnikov Azərbaycan qapısına topu göndərdi, lakin epizoddan əvvəl əllə oyun qeydə alındığı üçün qol ləğv edildi. Litva tərəfi üçün bu, oyunun ilk ciddi məyusluqlarından biri oldu.
Cəmi bir neçə dəqiqə sonra Azərbaycan cavab verdi.
25-ci dəqiqə - 1:0. Abdulla Xaybullayev.
Litva müdafiəsində Edqaras Utkus zədələnərək yerə yıxıldı. Oyun dayandırılmadı və Azərbaycan hücumu davam etdirdi. İlk zərbəni Şvedkauskas dəf etsə də, topun davamında Xaybullayev düzgün mövqe seçərək hesabı açdı.
İkinci hissədə Litva oyunu daha çox Azərbaycanın yarımmüdafiə və müdafiə xəttinə keçirməyə başladı amma ikinci hissənin böyük hissəsində oyun meydanın mərkəzində gedib, lakin sonlara yaxın Litva təzyiqi artıraraq daha çox imkan yaratmağa başlayıb.
SPORTİNFO.AZ
