Anlayın, biz nə İspaniya, nə də Portuqaliyayıq!

5 Oktyabr 23:40 Milli komanda 149
Anlayın, biz nə İspaniya, nə də Portuqaliyayıq!

Biz bəzən nə istədiyimizi bilmirik.

Milli komanda ətrafında yaranan müzakirələr bunu deməyə əsas verir.

Milli komandanın baş məşqçisi əcnəbi olanda əksəriyyət deyirdi ki, bizə əcnəbi baş məşqçi lazım deyil.

Yerli baş məşqçi olmalıdır.

İndi milli komandanın baş məşqçisi yerli mütəxəssis Ayxan Abbasovdur.

Hər oyundan sonra sosial şəbəkələrdə çox sayda rəylər yazılır, Ayxan Abbasovun getməli olduğu, istefa verməli olduğu deyilir.

Hətta bəzən əvvəlki əcnəbi baş məşqçilərin adları çəkilir.

Niyə? Cani De Byazi, Fernando Santuş kimi əcnəbilər milli komandaya fərqli nə veriblər ki, Ayxan Abbasov onu verə bilmir?

Razıyam, Litva üzərində qələbə qazansaq da, oyun yenə ürəkaçan deyildi.

Guya Fernandu Santuş və ya Cani De Byazinin dönəmində belə dəhşət futbol oynayırdıq?

Dəhşət nəticələrimiz var idi?

Həmin mütəxəssislərin də dövründə nə yaxşı nəticələr vardı, nə də yaxşı oyun.

Məsələn, əcnəbi baş məşqçilərdən ən çox Prosineçkini tərəfləyirdik. Deyirik ki, onun dövründə milli komandanın nəticələri yaxşı olub, oyunu yaxşı olub.

Lakin Prosineçkinin dövründə belə biz San-Marinonu səfərdə çətinliklə 1:0 məğlub etmişdik.

Fernandu Santuş bir il milli komandanın baş məşqçisi oldu, qələbə qazana bilmədi.

Evdə Haitiyə, Belarusa uduzduq.

Olsun, De Byazi. Həmin De Byazinin dönəmində bundan da zəif Litva ilə Bakıda qolsuz bərabərliyə razılaşdıq.

Və nəzərə alaq ki, həmin məşqçilərin rəhbərliyi altında daha yaxşı milli komanda var idi, həmin mütəxəssislərə daha böyük pullar xərclənirdi.

Ona görə də bir qədər ədalətli olaq. Qələbə varsa, ona ən azı alqış düşür.

Limitin ləğvindən sonra ümumiyyətlə milli komandada da vəziyyət ürəkaçan deyil.

Futbolçular klublarında oynamırlar. Belə durumda yaxşı oyun gözləmək, məncə, məntiqli deyil.

Ümumiyyətlə, biz nə İspaniya millisi, nə də Portuqaliyayıq.

Bizim milli komanda dişinə görə rəqibləri udmalı, özündən güclülərlə isə maksimum, mümkün olduğu qədər meydanda mübarizə aparmalıdır.

Ona görə də futbolçularımız uğursuz nəticə olanda tənqid olunduğu kimi, gəlin qələbə qazananda da alqışlamağı bacaraq.

XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 18:10 Çək və bizə göndər!
5 Oktyabr 09:20 "Sakit qalmaq lazımdır"