“Qarabağ”ın yeni müdafiəçisi heç nəyi gizlətmədi - Hamin vaxt telefonla danışırmış

14:25 Qarabağ 155
“Qarabağ”ın yeni müdafiəçisi heç nəyi gizlətmədi - Hamin vaxt telefonla danışırmış

“Atam böyük futbol azarkeşidir, uşaqlıqda özü də daha yüksək səviyyədə futbol oynamaq istəyib, sadəcə babası buna icazə verməyib, o, stolüstü tennis oynamalı olub.

Biz isə evimizin bağında atamla və qardaşımla çox futbol oynayırdıq.

Yəqin ki, bu günə qədər xatırladığım ən gərgin oyunlar məhz onlar idi – elə mübarizələrimiz olurdu ki, indi də onları xatırlayırıq, əlbəttə, artıq gülərək.

Məni heç vaxt qəsdən qalib etmirdilər, mən də bunun uğrunda həqiqətən mübarizə aparmalı olduğumu sevirdim”.

Sportinfo.az xəbər verir ki, bunu ilk dəfə Macarıstan millisinin əsas komandasına dəvət alan “Qarabağ”ın müdafiəçisi Bentse Varkonyi “Nemzeti Sport”a müsahibəsində deyib.

Varkonyinin futbolçu kimi formalaşmasında ailəsinin xüsusi rolu olub. Özündən 5,5 yaş böyük olan qardaşı futbol oynadığından, o da uşaqlıq illərində çox vaxt meydançanın kənarında olub. Daha sonra özü də futbola başlayıb.

KISE-də, Dalnoki Akademiyasında və daha sonra MTK-nın Aqardakı akademiyasında yetişən 24 yaşlı mərkəz müdafiəçisi peşəkar karyerasına “MTK Budapeşt”də başlayıb. Daha sonra “Kozarmişlen” və “Zalegerseq”də çıxış edən Varkonyi üçün son illər karyerasında mühüm dönüş nöqtələri ilə yadda qalıb.

İki il əvvəl milliyə düşməyi özü üçün uzaq ehtimal hesab edən futbolçunun fikri ötən mövsüm dəyişib. U-21 millisinin heyətinə bir neçə dəfə dəvət alsa da, meydanda oynamaq imkanı qazana bilməyib. Buna baxmayaraq, o, daha yüksək səviyyəyə çatacağına inamını qoruyub.

“Zalegerseq”də çıxış etdiyi dövrdə Varkonyinin oyununda səhvlərin sayı azalıb, komandadakı rolu da dəyişib. O, artıq əvvəlki kimi komandanın gənc futbolçusu olmadığını hiss etməyə başlayıb: “Mən həmişə bilirdim ki, sürətliyəm, topla yaxşı davranıram və müəyyən vəziyyətlərin öhdəsindən gələ bilirəm. Çox vaxt problem onda idi ki, bir-iki səhvə yol verirdim, ötən il isə onların sayı getdikcə azaldı. Oyunumun dəqiq olaraq nəyin hesabına daha yetkin və etibarlı olduğunu söyləmək çətindir, bəlkə də sadəcə özümə daha çox güvənməyə başladım. Əvvəllər həmişə komandanın gənc futbolçusu olduğumu hiss edirdim, ötən il isə artıq üçüncü ən yaşlı futbolçu idim. Belə vəziyyətdə insan deyə bilməz ki, yaxşı, mən hələ gəncəm, məsuliyyətim daha azdır”.

Müdafiəçinin fikrincə, inkişaf etmək üçün meydanda görünən işlərlə yanaşı, çoxlu fərdi məşqlər də tələb olunur. O, xüsusilə kondisioner zalında çox vaxt keçirdiyini və yaxşı fiziki göstəricilərin öz-özlüyündə kifayət etmədiyini vurğulayıb.

Varkonyi uşaqlıqdan birlikdə çalışdığı məşqçilərin hər birindən nə isə öyrəndiyini düşünür. O, əsas komandada debüt etdiyi dövrdə ona rəhbərlik edən Marton Qaboru, həmçinin fərdi inkişafında böyük rolu olan Nuno Kamposu xüsusi qeyd edib.

Bununla belə, futbolçu söhbətində dönə-dönə ailəsinə qayıdır. Onun sözlərinə görə, bu gün çatdığı səviyyədə öz zəhməti ilə yanaşı, ailəsinin də böyük payı var: “Bura qədər gəlib çatmağım üçün özümə də təşəkkür etməliyəm, bunun üçün çoxlu əmək və səbir lazım olub. Evdən əsasən pozitiv düşüncəli olmağımı gətirmişəm, çətin vəziyyətlərdə də faydalana biləcəyim məqamı görməyə çalışıram. Bu məsələdə ailəm də mənə çox kömək edib, çünki onlar həmişə arxamda dayanıblar və beləliklə, çətin dövrləri geridə qoymaq daha asan olub”.

Varkonyinin karyerasında növbəti mərhələ bu yay Azərbaycana gəlişi ilə başlayıb. O, “Qarabağ”a transfer olunaraq karyerasında yeni pilləyə yüksəlib.

Müdafiəçi Ağdam klubunda ilk günlərindən etibarən komandanın ətrafında formalaşmış güclü futbol mədəniyyətini hiss edib. Onun diqqətini çəkən məqamlardan biri də azarkeşlərin komandaya münasibətidir. “Qarabağ”ın daha zəif nəticələrindən sonra belə tərəfdarların komandadan üz döndərməməsi Varkonyinin xoşuna gəlir.

Hazırda isə onun qarşısında daha bir yeni mərhələ dayanır. Varkonyi ilk dəfə Macarıstan millisinin əsas komandasının düşərgəsinə dəvət alıb.

Yığmanın Millətlər Liqası üçün heyəti açıqlanan vaxt isə stopper telefonla danışırmış. “Qarabağ”da bir neçə gün əvvəl ona Macarıstan Futbol Federasiyasından göndərilən geniş siyahıda adının olduğu bildirilsə də, futbolçu rəsmi dəvət gələnə qədər bu barədə heç kimə danışmayıb: “Klubda geniş heyətdə olduğumu deyəndə sevindim, amma özümə dedim ki, heyətin açıqlanmasını gözləyim. Sonra bir gün əvvəl milli komandadan zəng gəldi və həmin an hiss tamam başqa idi. Dərhal anamı və atamı, eləcə də mənə ən yaxın insanları aradım – onlar da çox sevindilər. Heyətin açıqlanmasını isə izləmədim, həmin vaxt telefonla danışırdım, sonra isə çoxları mənə zəng etdi. Bu mərhələ ilə birlikdə bu qədər insanın mənimlə sevinməsi xoş hissdir”.

Qeyd edək ki, Macarıstan yığması UEFA Millətlər Liqasında hələlik iki oyun keçirib. Lakin Bentse Varkonyi nə evdə Ukraynaya 0:1 hesabı ilə uduzduqları, nə də səfərdə Şimali İrlandiya ilə qolsuz heç-heçə etdikləri görüşlərdə forma geyinməyib. İndi onun komandasını oktyabrın 2-də evdə Gürcüstan və oktyabrın 5-də səfərdə Ukrayna ilə qarşılaşmalar gözləyir.

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 18:10 Çək və bizə göndər!