"Qarabağ"ın hamını narahat edən TRANSFER BAZARLIĞI

5 İyul 2020 11:40 Qarabağ 3 283
"Qarabağ"ın hamını narahat edən TRANSFER BAZARLIĞI

"Qarabağ"ın başqanı Tahir Gözəl iki həftə öncə belə bir açıqlama vermişdi:

"Bu gün yeni bir reallıqla qarşı-qarşıyayıq. Biz gərək bunu qəbul edək. Təəssüf ki, bu günkü iqtisadi vəziyyətdə millət, dünya olaraq zərbə aldıq.

Amma bizim dövlətimiz bu qədər güclü olmasaydı, pandemiyanın Azərbaycana təsiri daha ağır olacaqdı. Doğrudan da cənab Prezident möhtəşəm bir iradə ilə çox şeyin qarşısını aldı.

Amma şərait çox ağırdır. İxrac bazarlarımıza da mənfi təsiri olub. Bilirsiz ki, Moskvada bazarlar bağlanıb. Daxili bir yana, xaricdəki bazarlarımızda da problem yarandı. Rubl dəyərini itirdi.

Əlbəttə, bütün bunların yeni mövsümdə "Qarabağ"ın büdcəsinə təsiri olacaq. Amma biz yeni mövsümdə "Qarabağ"ı, bir çempion klubu necə ayaqda tuta bilərik, Avropada indiki reallıqlar şəraitində yenidən sözümü hansı formada deyəcəyik, bax, bunun üzərində fikirləşirik.

Yəni demək istəyirəm ki, "Qarabağ" doğrudan da, bizim həyatımız, canımızdır. Ona görə də təzə şərtlərin yarandığı bu dövrdə komanda üçün ən yaxşısını edəcəyik".

Gözəlin söylədikləri bir həqiqətdir və "Qarabağ" onun göstərdiyi istiqamət üzrə hərəkətdədir. Klubun növbəti mövsümlə bağlı düşüncələri xəyallar aləmindən ayrılaraq, mövcud reallıq üzərində köklənib.

Ardıcıl 7-ci dəfə ölkə çempionu titulunu qazanan Ağdam təmsilçisi son günlər planlarına əməlli-başlı «əl gəzdirib», bir sıra mühüm dəyişiklər edib.

Bunlardan biri gəncləşdirmə siyasətinə keçiddir. Qurban Qurbanov irəlidəki «futbol ili»ndə əsasən gənclərə şans verəcək. Bunu əsasən ölkədaxili yarışlarda görəcəyik.

Baş məşqçi burada limiti gözləməyəcək. Daha çox yerli futbolçuya meydan tanıyacaq. Gözlənildiyi kimi, avrokubok oyunlarında bir qədər fərqli mənzərini müşahidə edəcəyik.

«Qarabağ» artıq 4 legioneri yola salıb. Maqaye Qeye ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilibsə, Ayltonun icarə müddəti uzadılmayıb. Vaqner Silva ilə Reysel Faysalın da sözləşməsi uzadılmayıb.

Qurbanovdan olsa, daha bir əcnəbini bu dəqiqə yola salar. O. Miçeldir. İspaniyalı 6 ildir «Qarabağ»dadır və kontraktı gələn ilin yayında başa çatacaq.

Təcrübəli çalışdırıcı 36 yaşlı yarımmüdafiəçinin getməsini arzulayır, çünki tükəndiyini görür.

«Qarabağ» bu yay legioner bazarında fəallıq göstərməyəcək. Portuqaliyanın I liqasında mübarizə aparan "Şaveş"ın müdafiəçisi Kevin Medinanın transferi həll olunmayıb. Kolumbiyalı ilk fürsətdə Bakıya dəvət olunacaq və tibbi baxışdan uğurla keçərsə, 2+1 illik müqaviləyə imza atacaq.

Ondan sonra daha bir əcnəbi düşünülür. Bu dəfə yarımmüdafiənin mərkəzinə. Riçard Almeydaya üçüncü dəfə «Qarabağ» formasını geyindirmək istəyən Qurbanov Avropanı «qarış-qarış» incələyər.

Üç-dörd namizədi var. Realdırmı? Hələlik gündəmdəki legionerlərdən heç biri ilə tam razılıq əldə olunmayıb. Hərəsində bir problem çıxıb, ona görə də danışıqlar uzana-uzana gedir.

Onların işi alınmasa, təbii ki, daxili bazara diqqət yetirmək lazım gələcək. Burada isə Aleksey İsayevdən ciddi namizəd hələ ki, gözə dəymir.

Souruşursuz ki, bəs hücumçu alınmayacaq? Əlbəttə, Qurbanov bu sualı da özü-özünə verir. Nəvaxtdan bəridir gözü həmin mövqedədir. Amma bu gün üçün Mahir Emreli ilə çiyin-çiyinə çıxış edəcək başqa birini düşünmür. Axtarışlar maliyyə ehtiyatının azlığı səbəbindən dayanıb.

Deyim budur: elnən gələn yas toy-bayram olar. Azərbaycanın ən yaxşı məşqçisinə görə, koronavirus pandemiyasının tüğyan etdiyi bir dönəmdə komandanı Mahiin ümidinə buraxsa, dünya dağılmaz.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti