Mövsümə “İmişli” ilə qeydə alınan heç-heçə ilə başlayan “Araz-Naxçıvan” son üç oyunda meydanı məğlubiyyətlə tərk edib.
“Neftçi”ylə “Sabah”a boyun əyən “qırmızı-ağlar” 4-cü turda “Qarabağ”la bacarmadı – 2:3.
Naxçıvan təmsilçisinin yarımmüdafiəçisi Rövlan Muradov Sportinfo.az-a müsahibə verib.
- 2 qol vurduğunuzu və 1 xala yaxın olduğunuzu nəzərə alsaq, qarşılaşmanı necə dəyərləndirirsən?
- Qarşımızda illərin təcrübəli komandası var idi. Məqsədimiz “Qarabağ”ın adından qorxmadan mübarizə aparmaq idi. Fikrimcə, bunu bacardıq. Yəqin lazım olan qədər döyüşdük, çalışdıq. Hətta əlverişli qol imkanlarımız da oldu, dəyərləndirə bilmədik. Şanslardan istifadə etsəydik, “Qarabağ”dan xal ala bilərdik.
- Nəticə bir tərəfə, oyunu qənaətbəxş hesab etmək olar?
- Niyyətimiz buradan 3 xalla ayrılmaq idi. Heç-heçə də yaxşı nəticə sayılardı. Buna nail olmamışıqsa, nəsə deməyin mənası yoxdur. Oyun planında yaxşı işlər gördüyümüzü deyə bilərəm. Fürsətləri dəyərləndirmək lazım idi.
- “Qarabağ”ın adı ağırlıq yaradır?
- Xeyr, düşünmürəm. Ağırlıq olsaydı, nə 2 qol vurardıq, nə rəqiblə başa-baş mübarizə aparardıq, nə də bu qədər qol fürsəti yaradardıq.
- 4 oyunda cəmi 1 xal və 11-ci pillə. Bunu “Neftçi”, “Sabah” və “Qarabağ” kimi iddialılarla ardıcıl ağır oyunlara bağlamaq olar?
- Təqvim hamı üçün eynidir. Bu gün biz ardıcıl ağır matçlara çıxırıqsa, sabah başqa komanda bizim yerimizdə olacaq. 4 oyundakı 1 xalı yol verdiyimiz səhvlərlə əlaqələndirə bilərəm. Kobud səhvlərə yol verməsəydik, bu gün xallarımızın sayı daha çox olardı. Az səhv etməklə yanaşı, qol fürsətlərini dəyərləndirmək də mütləqdir.
HƏBİB
