"Şamaxı" Premyer Liqanın 5-ci turunda səfərdə “Sumqayıt”la qarşılaşdı.
Mövsümə uğurlu start verən "şirlər” bu dəfə də meydandan xalsız ayrılmadı.
Hesabda 0:1 geridə olmasına baxmayaraq, Edqar Adilxanovun ikinci hissədə vurduğu qolla bölgə klubu çətin səfərdən bir xalla qayıtmağı bacardı.
Qarşılaşmadan sonra komandanın portuqaliyalı müdafiəçisi Rui Poşeko Sportinfo.az-a müsahibə verib.
– 1 xal qazandınız, yoxsa 2 xal itirdiniz?
– Məncə, biz 2 xal itirdik. Oyunu qazana bilərdik. Bunun üçün potensialımız və yaxşı komandamız var. Xüsusilə son nöqtədə daha yaxşı çıxış edə bilərdik. Qələbə qazana bilməsək də, səfərdə 1 xal qazanmaq vacib idi.
– Mövsümə əla start vermisiniz. Sonda hansı pillədə olmaq istəyirsiniz?
– Bizim məqsədimiz hər oyuna ayrıca köklənməkdir. Mövsümün sonunda hansı pillədə olacağımız barədə düşünmürəm. Hər oyunda indiki kimi mübarizə aparmağa davam etsək, yaxşı mövsüm keçirə biləcəyimizə inanıram.
– Oyun zamanı rəqib oyunçulardan Rüstəm Əhmədzadə və İsa Sülimanı ilə tez-tez mübahisə edirdiniz. Problem nə idi?
– Bu, oyunun bir hissəsidir. Matç zamanı danışmaq məni oyunun içində saxlayır. Həmin futbolçuya qarşı heç bir problemim və ya şəxsi münasibətim yoxdur. Oyunun sonunda bir-birimizlə salamlaşdıq və hər şey qaydasında idi. Bu, futbolun bir hissəsidir.
XANOĞLAN İMANOV
