Mahir bir az düzəlib, bir az böyüyüb, bir az dəyişib

16 May 2021 16:00 Qarabağ 1 124
Mahir bir az düzəlib, bir az böyüyüb, bir az dəyişib

"Neftçi"yə baxanda, "Qarabağ"ın rəqibi daha münasib idi.

"Sumqayıt"dan fərqli, "Keşlə"nin çempionatda heç bir iddiası qalmayıb.

Ağdamlılar da matça ciddi yanaşmışdılar. Son turlar ərzində ən yaxşı oyunlarından birini keçirdilər. Buna əsaslı səbəb də var idi.

Çempionluq iddiası ilə birgə "Qarabağ" artıq optimal heyətlə çıxış edir, zədəliləri sağalıb. Emil Balayev də qolu sınmış Şahruddin Məhəmmədəliyevin yoxluğunu hiss etdirmir.

Qarabağlılar start fitindən oyunu ələ aldı. Mövqe hücumları sürətlə qurulur, tez düşünür, öndə lənglik hiss edilmirdi. Tez qol vurub, matçın taleyini elə ilk hisdədə həll etməyi fikirləşirdilər.

İmkanlar da yetərincə idi: bir-birinin ardınca qol epizodları yaranırdı. "Keşlə"nin müdafiəsi təzyiqə tab gətirməsə də, dadlarına qapı tiri gəlirdi. Romero, Mahir topu tirə vurmaqda sanki bəhsə girmişdi.

Kapitan Maksim Medvedev meydanda əsl liderlik edirdi. Abdulla Zubir həmişəki kimi öz fintlərilə müdafiəni çaş-baş salırdı. Patrik Andrade də meydanda yalnız yeni rəngdə saç düzümü ilə seçilmirdi, oyunu ilə hücuma rəng qatırdı.

Arxa eşalon, Qara, İsmayıl, Elvin hücumlara dəstək verir, Bədavinin rəhbərliyi ilə arxada Medinanın yoxluğu hiss olunmurdu.

Qol tez vurulmasa da, "Qarabağ" elə oyun göstərirdi ki, qələbə qazanacaqlarına heç kimin şübhəsi qalmırdı. Sadəcə, "qol vurmayana vurarlar" devizi "Qarabağ"a mane ola bilərdi, o da olmadı.

Fasiləyə 2-3 top fərqiylə yollanmalı olan "Qarabağ" müvəqqıti bərabərliklə razılaşmalı oldu. Qurban Qurbanov futbolçulara nə dedisə, ikinci yarı başlar-başlamaz, ilk qolu vurdular.

Künc zərbəsindən sonra başla fərqlənən Mahir Emreli göstərdi ki, zədədən sonra nəinki düzəlib, bir az da püxtələşib, böyüyüb, oyunu da müsbət mənada dəyişib.

"Keşlə" ara-sıra plansız həmlələr təşkil etməyə çalışsa da, "Qarabağ"ın qapısı qarşısında ciddi təhlükə yarada bilmirdi.

Qurban Qurbanovun komandası 1 top fərqinin sürüşkən olduğunu anlayırdı: istənilən vaxt tempi qaldırır, istənilən vaxt 5-6 dəqiqəlik pauzalar edib, oyuna nəzarəti əllərində saxlayır, ikinci qolu aramaqda davam edirdilər.

Belə hücumların birində dünyanın "8-ci möcüzə"si baş verdi. Qış fasiləsindən sonra "Qarabağ"ın "daxili qənimi" Kvabena Ovusu, nəhayət ki, fərqləndi.

Artıq "Qarabağ" tam rahat futbol oynayırdı. Mahirin zəif penalti vuruşundan çox, 11 metrəni qazanması epizodu daha cəlbedicidir.

Top İlkin Qırtımovla Stanislav Namaşkonun nəzarətində olarkən, Mahir topdan xeyli aralıydı. Bu vaxtda müdafıəçi Zaqatalaya, qapıçı da Moldovaya gedib qayıda bilərdi.

Hücumçu topa doğru necə sürət yığdısa, rəqib bir onda ayıldı ki, Emreli aralarında topa yiyələnir. Penalti vuruşu uşaq dığırlatmasına bənzəsə də, cərimənin qazanılması təqdirəlayiq futbol elementi idi.

"Qarabağ" layiqli qələbəsini qazanaraq, son tura rahat çıxacaq. "Neftçi"ylə çempionluq matçında ağdamlıları heç-heçə qane etsə də, son tur çempionatın bəzəyinə çevriləcək.

"Keşlə"ni də kubokun çətin sınaq gözləyir. "Sumqayıt" çempionatda 3-cü pilləni özü üçün təmin edə bilməsə, final matçına yaralı aslan kimi çıxacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!