COP29

Qarğa, məndə qoz var - Sənin Premyer Liqada nə işin var?

14 Dekabr 2024 23:20 Qalmaqal 3 349
Qarğa, məndə qoz var - Sənin Premyer Liqada nə işin var?

“Şamaxı”ya bağlı son günlərin trend sualı – burada nə baş verir?

İlkin Muradovun qəfil gedişinin üstündən heç 1 ay keçməmiş komandanın iki vacib futbolçusu – Adil Nağıyevlə Georgi Kantariya yoxa çıxdı.

“Turan Tovuz”la oyun ərəfəsində kollektivdə baş verən müəmmalı hadisə iki nəfərin rəsmi ayrılığı ilə nəticələndi. Deyilənə görə, bir, yaxud bir neçə nəfər də yol üstədir.

Klubdan heç kim problemin məğzini açıqlamır. Nə baş məşqçi, nə idarəçilər, nə də mətbuat katibi. Üstüörtülü açıqlamalarla yola verib, söhbəti bağlamağa çalışırlar. Sanki kim(lər)sə bunlara tapşırıq verib ki, o barədə ağzınızdan söz çıxmasın. Çıxsa, vay halınıza.

Klubun yaydığı bəyanat isə gülüş doğurur. Ayın-günün bu vaxtında əsas heyət üzvlərinə qapını göstəriblər, yazılan cümləyə bax:

“Adil Nağıyev və Georgi Kantariya ilə müqavilələrə xitam verilib, xitamın səbəbləri barədə klub hal-hazırda hər hansı bir başqa açıqlama verməyi lazım bilmir”.

Bu, başını qapının arasından çıxarıb “qarğa, məndə qoz var” deyib, qapını örtməkdir. Başqa məntiqli izahı yoxdur.

Futbolçular zəif oyuna görə uzaqlaşdırılıbsa, deyin, bilək.

Özləri getmək istəyibsə, yazın, oxuyaq.

Yox, hansısa qaranlıq məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırılma aparılırsa, bunu da izahlı xəbər formasında təqdim etməyin öz yolu var.

“Klub lazım bilmir” nə deməkdir?

Niyə lazım bilmir? Nə baş verib(r)? Nəyi və ya, kimi gözləyirsiniz?

Bəyanatdan əvvəlki sual klubda nələrin baş verməsi ilə bağlı idisə, o xəbərdən sonra val dəyişib – “Şamaxı”nın Premyer Liqada nə işi var axı?

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti