İkinci Liqa yarımhəvəskar səviyyə hesab olunsa da, burada peşəkar futbolda uzun illər çıxış etmiş futbolçuların sayı az deyil.
Onlardan biri də Amil Yunanovdur. Təcrübəli forvard uzun müddət Premyer Liqada çıxış edib, “Sumqayıt”, “Keşlə”, “Qəbələ” kimi klubların formasını geyinib. Milli komandamızda oynayıb.
Hazırda isə karyerasını İkinci Liqada davam etdirir. Bu mövsümdən çempionluğu hədəfləyən “Şirvan”ın heyətində çıxış edən Yunanov daha əvvəl “Şəfa”nın formasını geyinərək İkinci Liqanın atmosferini yaxından hiss edib.
Görəsən, İkinci Liqada vəziyyət necədir? İnfrastruktur, stadionlar və oyunların keyfiyyəti hansı səviyyədədir?
Sportinfo.az-a açıqlama verən təcrübəli futbolçu aşağı liqa ilə bağlı heç də xoş fikirlər səsləndirməyib:
"İkinci Liqa həqiqətən biabırçı vəziyyətdədir. Çünki stadionlar çox pis vəziyyətdədir. Elə götürək bizim özümüzün oynadığımız stadionu... Demək olar ki, daşın üstündə oynayırsan. Bir dəfə yıxıldınsa, təsəvvür elə, bütün ayağın sıyrılır, pis vəziyyətə düşürsən.
İkinci Liqada vəziyyət pisdir. Təkcə Şirvan stadionunu demirəm, ümumiyyətlə, stadionların vəziyyəti çox aşağı səviyyədədir. Demək olar ki, normal stadion yoxdur.
Oyunların keyfiyyətinə gələndə isə İkinci Liqa Birinci Liqa ilə müqayisədə aşağı səviyyədədir. Birinci Liqada müəyyən intriqa var. Bəzi komandalar var ki, əsas liqadan futbolçular gəlib orada oynayırlar. 3-4 komandanın yaxşı büdcəsi var və ona görə də yaxşı futbol oynayırlar.
Amma İkinci Liqada, dediyim kimi, 3-4 komandadan başqa qalanlarının səviyyəsi çox aşağıdır, çox zəifdir. İkinci Liqa elə-belə oynamaq üçün bir yerdir.
Dediyim kimi, mən özlüyümdə futbolu sadəcə olaraq beynimdə bitirmişəm. Dostum orada baş məşqçi işləyir deyə, sadəcə ona kömək etmək üçün gedirəm. Əlimdən gələni etmək istəyirəm, qol vurub komandaya kömək etmək istəyirəm".
XANOĞLAN
