Premyer Liqa klubundan gedişin görünməyən tərəfi - AÇIQLAMA VERDİ

23:00 Problem 157
Premyer Liqa klubundan gedişin görünməyən tərəfi - AÇIQLAMA VERDİ

Premyer Liqa klubunda gözlənilməz ayrılıq yaşanıb.

“İmişli”nin baş məşqçisi Fərid Namazovun köməkçilərindən olan Zamir Hüseynov bölgə təmsilçisi ilə vidalaşıb.

O, bundan sonrakı fəaliyyətini Azərbaycanın U-19 millisində davam etdirəcək.

Hüseynovun bu qərarı səbəbsiz deyil. U-19-un hazırkı baş məşqçisi Elgiz Kərəmli ilə ortaq keçmişi var. Belə ki, Kərəmli ötən mövsüm “Şəfa” ilə I Liqanın çempionu olarkən Zamir Hüseynov da həmin komandada çalışıb.

Maraqlıdır, Kərəmli ilə yenidən bir yerdə işləmək Hüseynovun qərarında hansı rol oynayıb?

Olmaya “İmişli”dən ayrılması şəxsi münasibətlərlə bağlıdır, yoxsa millidə işləmək təklifi onun üçün daha cəlbedici olub? Bəlkə də, ictimaiyyətə məlum olmayan başqa səbəblər var?

Məsələyə aydınlıq gətirmək üçün Zamir Hüseynovla əlaqə saxladıq.

Pro kateqoriyalı mütəxəssis Sportinfo.az-a açıqlamasında “İmişli”dən ayrılmasının konkret səbəbini açıqlayıb:

“Əvvəldən U-19 millisi ilə bağlı planım var idi. Düşünürdüm ki, hər iki işi paralel şəkildə davam etdirə bilərəm.

Ancaq sonradan bunun fiziki baxımdan mümkün olmadığını gördüm. Bildiyiniz kimi, məşqçilik fəaliyyəti ilə yanaşı, AFFA-nın Təhsil Departamentində təlimatçı kimi dərs deyirəm.

Bu istiqamətdə üzərimə götürdüyüm öhdəliklər var idi və onları yarımçıq qoya bilməzdim. Eyni vaxtda üç yerdə çalışmaq çox çətin idi.

Bu səbəbdən “İmişli” rəhbərliyinə müraciət etdim və vəziyyəti izah etdim. Əvvəlcə ayrılmağıma razı deyildilər, müəyyən müzakirələr oldu.

Ancaq sonradan vəziyyəti başa düşdülər və qərarıma hörmətlə yanaşdılar. Həm Fərid müəllimə, həm də klub rəhbərliyinə təşəkkür edirəm.

Müraciətimə anlayışla yanaşdılar və mənə bu imkanı yaratdılar”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti