Güləşçinin əmisi idarə rəsini məhkəməyə verir - "Torpaq və kart söhbəti böhtandır"

5 Fevral 2020 18:15 Qalmaqal 558
Güləşçinin əmisi idarə rəsini məhkəməyə verir -

Bakıda keçirilmiş Avropa Gənclər Olimpiya Festivalında (EYOF) gümüş medal qazanmış 6 qat Azərbaycan çempionu, ötən il Xorvatiyanın paytaxtı Zaqrebdə dünya üçüncüsü olmuş sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığmamızın üzvü Əbülfəz Nəsirovla bağlı qalmaqal böyüyür.

Şirvan Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyevin Sportinfo.az-a açıqlamasından sonra güləşçinin əmisi Babaxan Nəsirov növbəti dəfə redaksiyamıza zəng vuraraq, Quliyevin fikirlərinə münasibət bildirib. O, İdarə rəisini yalan danışmaqda ittiham edib:

"Biz Allaha iman gətirən insanlarıq. Dünya malına görə onun qarşısında yalan danışmağa haqqımız yoxdur. Allah şahiddir ki, hər şeyi necə var, elə də deyirəm. 2018-ci ildə rayonun keçmiş icra başçısı Mərdan Camalov Gənclər günündə Əbülfəzə 1000 manat hörmət edib. Mardan müəllimin bacısı oğlu bizim yaxın dostumuzdur, ondan xahiş etmişdik ki, icra başçısına desin, Əbülfəz yetim uşaqdır, ona kömək etsinlər. Mərdan müəllim də sağ olsun, həmin vaxt idmançı ilə görüşdü, kömək etdi.

Azərin dayısı oğlu bizim yaxın dostumuzdur. Adı Elşaddır, Şirvanda sayılıb-seçilən oğlanlardan biridir. Mən Elşaddan xahiş etdim ki, gedək, Azərlə görüşək. Uşaq şəhərdə qalır, ayda 1500 manat xərci çıxır. İmkan daxilində Əbülfəzə kömək etsin. Elşad da Azərə deyib ki, bu uşağa kömək etmək lazımdır. Azər bildirib ki, 1-2 idarə var, onlarla danışım, köməklik göstərəcəm. Sonra gətirib 200 manat verdi ki, adama 50 manat "atışmışıq". Bu da olub.

Heç kimin borcu deyil ki, Əbülfəzin adına maaş kartı açdırsın, ona pul versin. Onsuz da mən Azərin guya mənim kart və torpaq istəyimlə bağlı sözlərinə görə, iddia qaldıracam. 37 yaşım var, bilirəm ki, hamısı boş şeylərdir. Onun səlahiyyətində olmayan bir şeyi necə istəyə bilərəm? Azərdən sadəcə, xahiş etmişik ki, Əbülfəz böyük yaş qruplarına çıxana qədər - 1 il müddətində onun qidalanmasına ya öz maaşından, ya hardansa 200-250 manat köməklik etsin. Torpaq və kart söhbəti isə böhtandır. Görək, məhkəmədə necə sübut edəcək. Mən onun torpağını, kartını neyniyirəm?. Sadəcə, rayonun idman rəhbəri kimi, ondan yardım istəmişik.

Şirvan şəhərində Əbülfəz kimi nəticə verən idmançı heç vaxt olmayıb. Çempion olub gələndə Şirvanın bir qeyrətli oğlu, kişi kimi onu qarşılayıb, çay süfrəsi açıb, təbrik etmək olardımı? İdmançı və məşqçiləri bir yerə yığıb, tədbir təşkil etmək olmazdı? Əbülfəz Olimpiya Festivalında qalib olub gələndən sonra Azər müəllim onunla görüşməyib. Mən restoranda buna görə çay süfrəsi təşkil etmişdim, o da iş yoldaşları ilə təsadüfən orada yemək yeyirdi. Əbülfəzi orada gördü, yanına çağırıb görüşdü. Dedi ki, mən sənin arxandayam, nə lazımdısa, edəcəm.

Azər müəllim deyir ki, mənim ona qarşı qıcığım var. Mən sənə niyə qıcıqlanmalıyam ki? Sənə deyirəm ki, idmançına kömək et. Bəli, Gənclər və idman İdarəsi hökumət təşkilatıdır. Amma guya Azər özü oradan aldığı 600-700 manat maaşla dolanır? Yoxsa Əbülfəz 2018-ci ildə İcra Hakimiyyətinin verdiyi maaşla dolanır? Həm cənab prezident İlham Əliyevə, həm də vitse-prezidentimiz Mehriban Əliyavaya yazmışam ki, burada vəziyyət belədir. İdman zalları yaman gündədir. Heç kim heç kimə baxmır. Heç kimi qəbul etmirlər.

Təzə icra başçımız çox gözəl insandır. Hamını qəbul edir. Mən onunla görüşməyə gedəndə, bilmirəm, kimsə Azərə xəbər verir. Məni yığır ki, arxayın ol, işlər qaydasındadır. Mən özüm şəxsən səni görüşdürəcəm, başçıya Əbülfəz haqda danışmışam. Həmişə məni fikrimdən daşındırırdı. Artıq ölkə prezidentinə yazmışam. Ona görə düşüb əl-ayağa. Məni İcra Hakimiyyətindən heç kim görüşə çağırmayıb.

Onsuz da heç kimin haqqı kimdəsə qalmır. Kim o uşağın haqqına girirsə, Allah onun da bəlasını verəcək. Vəziyyət belədir. Əbülfəzə 2018-ci ildəki 1000 manat, sonradan 200 manat və 7 manatlıq saatdan başqa heç nə verilməyib. Yenə deyirəm, idarənin borcu deyil. Amma yetim uşaqdır, 9 ildir mən baxıram, indi də gücüm çatmır. Sadəcə, deyirəm ki, bir insan kimi bu cür perspektivli uşağa kömək etsinlər".

Qeyd edək ki, Azər Quliyev Əbülfəzin əmisini ondan torpaq sahəsi və maaş kartı istəməkdə ittiham etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti