Üç-baş manata görə istefa vermir

25 Yanvar 11:40 Qalmaqal 1 783
Üç-baş manata görə istefa vermir

«Qəbələ» yeni ilə məğlubiyyətlə başladı.

2024-cü ilin ilk ev oyununda «Sumqayıt»ı qonaq etdilər və «ağ bayraq» qaldırdılar.

Burada hamı öz «hava»sındadır. Hələ də o «balaca dünya»dan kənara çıxmayıblar.

Elmar Baxşıyevə heyfim gəlir. Gül kimi insandır, yaxşı da məşqçidir. Gəl ki, özünü «xərcləmək»də davam edir.

Nə qədər demək olar ona. Ki, daha bəsdir, əşyalarını topla, Qəbələ dağlarını tərk elə.

İk ayağını cütləyib bir başmağa, yenə dirənir. Dostlarını da görmürəm, yoxsa deyərdim,

Baxşıyevə deyin, tərsliyindən əl çəksin, bir az da burnunun ucundan o tərəfi görsün.

Gözü bağlanıb. Nə görüb «Qəbələ»dən, əl çəkəmmir burdan. Sanki işsiz qalmaq qorxusu/təlaşı yaşayır. Bu hiss ona elə güc gəlib, lap ciyərlərinə işləyib.

«Qəbələ» düzəlməyəcək. Ta o vaxta kimi Tale Heydərov rəhbərliyə geri qayıdacaq, əlini daşın altına qoyacaq, azdan-çoxdan «tərləyəcək», kluba bir balaca əlavə büdcə ayıracaq.

İdarəçilər də dəyişməlidir. Yada çox pis iş gördülər. Bərbad transfer siyasəti həyata keçirdilər.

Göz görə-görə Elmar Baxşıyevin odun içinə atdılar. O da ki üç-manat aylıq qazanc xatirinə bu zillətə barışmış kimidir.

«Qəbələ» xaos içindədir. Klubun idarəçiliyindəki anarxiyanı komanda da meydanda nümayiş etdirir. Sonuncu pillədə olmağın narahatlığı da bir tərəfdən. Nə etdiklərini, necə edəcəklərini heç özləri də bilmir.

Başlarını itiriblər.

Buradan Elmar Baxşıyevə bir daha səslənirəm – boş yerə orada vaxt itirmə, nə qədər iş-işdən keçməyib, ayıl və ayrıl.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"