"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin son turunun "Düdelanj"la oyunundan (1:1) sonra Sportinfo.az-ın əməkdaşının milli komanda və AFFA-nın baş katibi Elxan Məmmədovun İTV-də yayımlanan "3D" verilişində səsləndirdiyi fikirlərlə bağlı suallarını cavablandırıb. Təcrübəli müdafiəçi baş katibin yalan danışdığını bildirib.
- Uzun illər milli komandada kapitan olmusan. İcraiyyə Komitəsinin sabahkı iclasında demək olar ki, millinin baş məqçisinin taleyi müəyyənləşdiriləcək. Necə düşünürsən, yığmanı əcnəbi, yoxsa yerli məşqçi çalışdırmalıdır?
- Mən həmişə yerlinin tərəfdarı olmuşam. Kim ki deyir, təcrübə yoxdur, onlar mənim özümə də maraqlı gəlirlər. Yurçeviin hansı təcrübəsi var idi ki? Təcrübə problem deyil. Əsas odur, futbolçularla dil tapa biləsən. Mentalitet önəmlidir. Mən şəxsən yerli mütəxəssisin tərəfdarıyam. Amma əcnəbi gələcəksə, bunun Robert Prosineçki olmasını istərdim. O, həqiqətən də bizim mentaliteti tez qavradı, futbolçularla yaxşı dil tapırdı. Əcnəbi ilə bağlı yeganə namizədim var, o da Prosineçkidir.
- İctimai TV-də yayımlanan verilişdə Elxan Məmmədov sənin U-21-də işləməyinlə bağlı dedi ki, Rəşad həm də futbol oynayırdı...
- Yox, o, düzgün cavab deyil ki... Düz deyil. Məsələ necə olmuşdu? Təyinatdan əvvəl 5 dəfə söhbət oldu, beşində də dedim ki, mən futbol oynayıram. Bu söhbətlər olub. Həmişə deyib ki, yox, sən "Qarabağ"ın U-19 komandasının sükanı arxasında Çempionlar Liqasında mübarizə aparmısan, "Atletiko" ilə səfərdə heç-heçən olub, təcrübən var, bu uşaqları da yaxşı tanıyırsan. Mən də razılaşdım. Hətta çıxmamışdan bir gün qabaq telefon danışığımızda səbəbini soruşanda futbol oynadığımı bildirdi. Mən Elxan müəllimə dedim ki, əgər problem mənim futbol oynamağımdırsa, karyeramı bitirə bilərəm. Məsələni ora yönəltmək lazım deyil. U-21-dən uzaqlaşdırılmağım futbolçu karyeramla bağlı deyildi. Ötən mövsüm karyeramı bitirəcəkdim. Ona da demişdim. Cavab gəlmədi.
- Əsl səbəbi açıqlaya bilərsən?
- Bunu Elxan müəllim deyib. Ondan soruşsaz, daha yaxşı olar.

