"Ağsu" "Sabah"la oyunu da qumara qoyub? - ŞOK İDDİA!

4 Dekabr 2019 12:42 Qalmaqal 1 558
"Ağsu" "Sabah"la oyunu da qumara qoyub? - ŞOK İDDİA!

Azərbaycan kubokunun 1/8 final mərhələsində bu gün keçiriləcək "Sabah" - "Ağsu" oyunu ilə bağlı qalmaqallı məlumat yayılıb.

Sportinfo.az-ın məlumatına görə, görüşün danışılmış olduğu iddia edilir. Bu barədə Rusiyada fəaliyyət göstərən "Mostbet" bukmeker şirkətinin Azərbaycandakı nümayəndəliyi məlumat yayıb. Rəsmi "Facebook" səhifəsində dünən paylaşılan xəbərdə əvvəlcə matçın şübhəli olduğu vurğulanaraq, qeydə alına biləcək istənilən nəticənin 1 əmsalla hesablanacağı bildirilmişdi.

Bu gün isə həmin ünvanda aşağıdakı məlumat yerləşdirilib: "Nəzərinizə çatdıraq ki, "Sabah" - "Ağsu" qarşılaşması danışılmış oyunlar ilə mübarizə aparan beynəlxalq qurum tərəfindən araşdırılır. Bu oyuna olunan mərclərin hesablanması, beynəlxalq qurumdan aldığımız məlumatdan asılı olacaq".

Sözügedən qarşılaşmanın Azərbaycanın qanuni idman mərc oyunları operatoru olan Topaz və eTopaz-ın proqramından çıxarılması şübhələri bir qədər də artırır. Maraqlıdır ki, kubokun 1/8 final mərhələsinin digər iki görüşü - "Zirə" - "Qaradağ Lökbatan" və "Sumqayıt" - "Zaqatala" matçlarına mərc etmək mümkündür.

Bundan başqa, "1XBet", "BWIN", "288sb.com" kimi dünyaca məşhur bukmeker şirkətləri də bu oyunu mərc siyahısına salmayıb.

Məsələ ilə bağlı "Ağsu" klubunun icraçı direktoru Rəşad Kərimovla əlaqə saxladıq. Divizion təmsilçisinin rəsmisi yayılan xəbərlərdən məlumatlı olduqlarını və buna görə futbolçulara ciddi xəbərdarlıq olunduğunu bildirib: "Mən də dünən belə bir məlumat almışam. Futbolçularla görüşüldü, ciddi tapşırıqlar verildi. Yəqin, elə şeylər var ki, artıq bizim də futbolçulara gücümüz çatmır. Biz öz tapşırığımızı vermişik, ciddi söhbət etmişik ki, belə şey olmasın, bu cür oyunlara getməyin. Açığı, belə şeyin olacağına inanmıram. Divizion komandasıyıq. Elə də gücümüz yoxdur. Bu mənada, Premyer Liqa klubu bizdən fərqlənir. Bəlkə də həmin bukmeker şirkətinin özünün verdiyi məlumatdır. Bunların hamısı doğru olmur ki! Başqa söz deyə bilmirəm. Hamısına demişik ki, belə bir şey olmasın. Çünki həm klubun, həm də özlərinin adına ləkədir. Hətta buna görə cinayət işi açılır, həbsə gedənlər olur. Bu barədə futbolçularla danışıq aparmışıq".

Bəs, görəsən, AFFA bu oyunu diqqətdə saxlayıb, məsələni araşdıracaqmı? Qurumun sözçüsü Firuz Abdullanı dinləyək: "Əslində bu cür məsələlərlə bağlı yalnız araşdırma sona çatdıqdan sonra məlumat verilir. Araşdırma davam edirsə, ictimaiyyətə heç bir informasiya verilmir. UEFA-nın da əsas tələbi budur. Çünki araşdırmanı məxfi saxlayırlar. Hansısa bukmeker şirkəti oyunu proqramdan çıxarıbsa, onun əvəzinə nəsə deyə bilmərəm. Öz işləridir. Bunun AFFA-ya aidiyyatı yoxdur. Siz Topaz və eTopaz-dan məlumat ala bilərsiz. Yenə də bizdəki nümayəndə ilə danışaram. Amma onun özünün də UEFA qarşısında məxfiliklə bağlı öhdəliyi var. Qurumun razılığı olmadan heç bir informasiya verə bilməz".

Digər Xəbərlər
Xəbər Lenti