"4.7 milyard kifayət edərdi ki, ürəyim istədiyi kimi yaşayım"

27 Noyabr 2019 10:05 Qalmaqal 849
"4.7 milyard kifayət edərdi ki, ürəyim istədiyi kimi yaşayım"

"İnter"in sabiq fəxri prezidenti, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin eks sədri Cahangir Hacıyev növbəti dəfə hakim önünə çıxarılıb. O, barəsində bəraər hökmü çıxarılmasını istəyir.

Sportinfo.az xəbər verir ki, Cahangir Hacıyev aldığı cəzadan narazı qalaraq apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində baş tutan prosesdə məlum olub ki, keçmiş Vergilər Nazirliyi də Cahangir Hacıyev haqqındakı hökmdən narazı qalıb.

Çünki Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin keçmiş bankirə qarşı 1 milyon 752 min manatlıq mülki iddiası təmin olunmayıb. Nazirlik də bu qərardan şikayət verib.

Vergilər Nazirliyinin əməkdaşı Qoşqar Bədirxanov deyir ki, mülki iddianın təmin olunmasını tələb edirlər. Bu vergi tələbi “Aztorq” MMC-nin fəaliyyətilə bağlıdır. İddia olunur ki, şirkətə faktiki C.Hacıyev və D.Xəlilov rəhbərlik edib. Bu şirkət 2011-2014-cü illərdə 1 milyon 752 min manat vergi ödəməkdən yayınıb. Ona görə də indi nazirlik həmin məbləği onlardan tələb edir.

Onların vəkilləri isə bu tələblə razılaşmır. Vergilər Nazirliyinin iddiası, ümumiyyətlə, Beynəlxalq Bank işi üzrə sentyabrda çıxarılan hökm qanunsuz və əsassızdır.

Digər müdafiəçilər də Beynəlxalq Bank işi üzrə istər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, istərsə də Bakı Ağır Cinayətlər Məhkəməsində gerçək araşdırma aparılmamasından, həqiqətin üzə çıxması üçün verilən vəsatətlərin heç birinin təmin olunmamasından gileyləniblər.

Sonuncu məhkəmə iclasında ifadə verən Cahangir Hacıyev özünü təqsirli bilmədiyini deyib. Söyləyib ki, 4 il 6 aydır davam edən məhkəmə proseslərindən narazıdır:

"365 cildlik cinayət işi var. Eyni sualı veririk ki, bu işdə cinayət hardadır? Cinayəti sübut edən fakt hardadır? Kifayət qədər sübut hanı?

Məhkəmədən xahiş etdik ki, Beynəlxalq Bankın hesabatları alınsın, amma eləmədilər. Mən 2015-ci ildə istefa vermişəm. 2014-cü ili bank 40 milyon manat xalis mənfəətlə başa vurub. 2015-ci ildə mən istefa verəndən sonra ili 800 milyon, 2016-cı ili isə 1.9 milyard manat zərərlə başa vurub. İsrafçılıq mənim vaxtımda olub, yoxsa bunların vaxtında?

İttihamda çirkli pulların yuyulmasından söhbət gedir. Pulların mənbəyi bankdırsa, o necə çirkli pul olur? Bu pullar xarici banklara köçürmə yoluyla layihələrin icrasına sərf olunubsa, buna necə çirkli pul demək olar? Çirkli pulları xarici banklar qəbul edərdimi?".

Hacıyev deyir ki, ekspert rəyinin təsviri hissəsilə nəticə hissəsi bir-birinə ziddir: "Təsviri hissəsində yazılıb ki, pullar köçürmə yolu ilə xaricdə filan layihələrə sərf olunub. Nəticə hissəsində isə yazır ki, çirkli pullar leqallaşdırılıb, mənimsənilib.

4.7 milyard manatlıq mülki iddianın özü də cəfəngiyyatdır. Heç o vaxt ölkənin bu qədər likvid valyuta ehtiyatı yox idi. Harada görünüb ki, aktivləri başqasına verəsən, passivləri başqasından tələb edəsən? Bankın vəsaiti hesabına yaradılan layihələri alıblar, indi də ona sərf olunan vəsaitləri bizdən tələb edirlər.

Bir müddət əvvəl “Aqrarkredit” QSC-nin rəhbəri açıqlama verdi ki, Beynəlxalq Bankın problemli kreditlərindən 3.2 milyard manat vəsait ödənilib. Ödənilmiş pulları bizim ayağımıza niyə yazırsız, yenidən bizdən niyə tələb edirsiz?
Heç kim bizim suallarımıza cavab vermir".

Sabiq bankir deyib ki, cinayət işi başlananda Azərbaycanda olmayıb: "Cinayət törətsəydim, heç Azərbaycana qayıtmazdım. İttihamda göstərilən rəqəmlər, 4.7 milyard kifayət edərdi ki, xaricdə ürəyim istədiyi kimi yaşayım. Ancaq mən qayıtdım, sənədləri təqdim etdim, istintaqla əməkdaşlıq etdim. Buna baxmayaraq, dekabrın 29-da həbs olundum. Beynəlxalq bankın vəsaitilə həyata keçirilən layihələr mənə və yaxınlarıma məxsus deyil. Sadəcə, onların icrasında iştirak etmişəm. Biz mütəşəkkil dəstə olmamışıq".

C.Hacıyev barəsində bəraət hökmü çıxarılmasını istəyib. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hökmə əsasən Cahangir Hacıyev 16 il 6 ay, Dünyamin Xəlilov 14 il 6 ay, İsmayıl Hidayətzadə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Adlarına kredit ayrılan və bu işə təqsirləndirilən şəxs kimi cəlb edilən digər 18 nəfər barəsində isə şərti cəza hökmü çıxarılıb.

Bildirək ki, İsmayıl Hidayətzadə Cahangir Hacıyevin bacanağıdır. O, “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru vəzifəsində işləyərkən “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə isə onun cəzasını 5 ilə endirib.

Rəsmi məlumata görə, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,1 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Digər Xəbərlər
Xəbər Lenti