Hələ açılış lenti kəsilməyən Gəncə Futbol Akademiyasında “siftə” gerçəkləşib.
Lakin xoş yox, yenə üzücü olay qeydə alınıb.
Deməli, əsas komandanın analitiki İlkin Verdiyev daha öncə klubun U-8 komandasını çalışdırmış İntiqam Səmədovla birlikdə fitness zalında məşq etmək üçün akademiyanın binasına daxil olub.
Allahverdi adlı mühafizəçi İlkinin əsas komandanın məşqçisi olduğunu düşünərək qarşısını kəsməyib, onlara məşq trenajorlardan istifadə imkanı yaradıb.
Xəbər akademiyanın rəhbəri Cabir İbrahimovun qulağına çatınca, söhbət böyüyüb.
Cabir bəy şəhid atası olan Allahverdi kişini işdən azad edəcəyi ilə bağlı hədələyib, ondan Verdiyevlə Səmədovun trenajor zalına hansı əsasla daxil olmasının hesabatını verməyi tələb edib.
Mühafizəçi hər ikisinin “Kəpəz”dən tanıdığını və məşqçi kimi qəbul etdiyini əsas göstərib. Ancaq bu da tutarlı səbəb kimi qəbul olunmayıb. Ehtimal olunur ki, buna görə İlkin Verdiyevə də barmaq silkələnəcək.
Yenə “Kəpəz”, yenə münaqişə, yenə hərc-mərclik. Düzələnə oxşamır nəsə.
HƏBİB / SPORTİNFO.AZ

