COP29

Azərbaycanda dələduzluqda ittiham olunan klub prezidenti aldığı pulları hara xərcləyib?

10 Yanvar 14:40 Qalmaqal 1 001
Azərbaycanda dələduzluqda ittiham olunan klub prezidenti aldığı pulları hara xərcləyib?

"Ağsu Siti"FK-nın prezidenti Rəmzi Eminli barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib və hakim Nəriman Mehdiyevin icraatına verilib.

Məhkəmə prosesinin vaxtı barədə məlumat yoxdur.

Rəmzi Eminli ötən ilin oktyabrında həbs edilib. İş materiallarına görə, "Ağsu Siti"nin prezidenti "Aran"FK-nın rəhbərinə qarşı dələduzluq edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Rəmzi Eminli barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə Axundov Kərim İmran oğlu zərərçəkmiş qismində tanınıb. Lakin onun "Aran"a bağlılığı barədə məlumatlara rast gəlinmir.

İttihama görə, klub prezidenti 18 nəfərə müxtəlif formada yalan vəd verərək onları aldadıb.

İş üzrə zərərçəkmiş şəxslərə ümumilikdə 93 min manata yaxın ziyan dəyib. Zərərçəkmişlərin içində İkinci Vətən müharibəsi iştirakçıları da var.

Rəmzi Eminli əvvəl istintaqdan yayındığı üçün barəsində həbsli axtarış qərarı çıxarılıb, bir müddət sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

"Ağsu Siti" Region Liqasının iştirakçısı olub və ötən mövsüm çempionatdan kənarlaşdırılıb. İddialara görə, Rəmzi Eminli ilə futbolçular arasında problem yaranıb.

Pullarını ala bilməyən oyunçular ardıcıl 3 matçda meydana çıxmayıblar. Bundan sonra AFFA klubu vaxtından əvvəl yarışdan kənarlaşdırıb.

Rəmzi Eminlinin ittiham olunduğu maddədə 4 min manatdan 7 min manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Qeyri-rəsmi məlumata görə, Rəmzi Eminli borclu olduğunu etiraf edib. O, aldığı pulları "Ağsu Siti"yə xərclədiyini deyib.

Təqsirləndirilən şəxs biznes fəaliyyətində problemlər yaşadığı üçün borclarını vaxtında ödəyə bilmədiyini söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"