Xəbər verdiyimiz kimi Apellyasiya Arbitraj Tribunalında iddiaçı Tural Bayramlının cavabdeh “Səbail”ə qarşı “kompensasiya” tələbinə dair” iş üzrə Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən 12 oktyabr 2023-cü il tarixli qərarından iddiaçının nümayəndəsi Elcan Həsənli tərəfindən verilən apellyasiya şikayətinə baxış iclası hər iki tərəfin iştirakı təmin edilməklə keçirilib.
Tərəflərin bildirdiyi yeni hallara dair əlavə araşdırmanın aparılması zərurəti yarandığına görə yekun qərarın elan edilməsi təxirə salınıb.
Futbolçunun hüquqlarını qoruyan ”Hasanli Sport Law Center” şirkətinin rəhbəri Elcan Həsənli Sportinfo.az-a açıqlama verərək, qərarın elan edilməsinin təxirə salınmasına münasibət bildirib.
Tanınmış vəkil buna səbəb olan hallar barədə aşağıdakıları deyib:
“AFFA-nın Appelyasiya Arbitraj Tribunalının növbəti iclası oldu. İclasda hər iki tərəfin nümayəndəsi iştirak etdi.
Çox təəssüf ki, yenidən qərarın elan edilməsi təxirə salındı. Açığı, mənə məlum olmadı ki, hansı səbəbə görə bunu etdilər.
Bildirdilər ki, qərarlarda yeni hallar müəyyən olunub. Bunların araşdırılması məqsədilə qərar növbəti dəfə təxirə salındı.
Prosesdə iştirak edən biri olaraq yeni hal görmədim. Hər bir halda qərarın elan edilməsinin təxirə salınması başadüşülən deyil.
Düşünürəm ki, bu, elə çətin bir iş deyil ki, bu qədər təxirəsalınmalar qeydə alınır. Səbirsizliklə yeni qərarı gözləyirik.
İsveçrədə CAS məhkəməsinə müraciət edəcəyimiz gün bu gedişlə uzaq deyil”.

