Birinci Liqanın lideri “İrəvan”da işlər qaydasında getmir.
Yayda futbol təsərrüfatına səs-küylə qədəm qoyan adı zəngin tarixə malik klub dağılmaq üzrədir.
Futbolçular özlərinə qarşı biganəlikdən bezib öncə məşqləri boykot etdilər, ardınca “İmişli” ilə səfər oyununa yollanmadılar.
Rəhbərlik çıxış yolu kimi maaşların müəyyən hissəsini verməyi təklif etsə də, komanda üzvləri bununla razılaşmadı.
Məsələ ilə bağlı redaksiyamıza ən son məlumat daxil olub. Futbolçular hansı halda məşqləri bərpa edəcəklərini başbilənlərin diqqətinə çatdırıblar ki, şərtlərdən biz də duyuq düşmüşük.
Beləliklə, futbolçular ilk növbədə avqust və sentyabr aylarının məvaciblərinin son qəpiyinə qədər ödənməsini tələb edir. Bir ayın pulu onları qane emir, hər iki ay hesaba köçməlidir.
“Saatlı” ilə oyundakı qələbəyə görə vəd olunan mükafat verilməlidir. Bu, əsas heyət üzvlərinə 300 manat təşkil edir.
Puldan daha önəmli məsələ Asim Əlizadənin əməliyyat olunmasıdır. “İrəvan”ın heyətində “Karvan”a qarşı matçda ağır zədə alaraq sıradan çıxan futbolçu ən qısa zamanda əməliyyat masasına uzanmalıdır.
Həkim və masajçıların adlarının təsdiqlənməsi, onlara aid avadanlıqların kollektivə göstərilməsi, forma dəstlərinin paylanması da irəli sürülən şərtlərdə yer alıb.
Qısası, futbolçular klub rəhbərliyindən peşəkarlaşmağı tələb edir. “İrəvan” peşəkarlaşacağı ilk gündə komanda məşqlərini bərpa edəcək. Əks halda, başqa tədbirlər görüləcək.
HƏBİB / SPORTİNFO.AZ

