Çempionat yeni başlamış Birinci Liqada ilk biabırçılıq yaşandı.
Futbol təsərrüfatına yayda bəh-bəhlə qədəm qoyan “İrəvan” adlı komandanın futbolçuları öncə məşqə çıxmaqdan imtina etdi, ardınca “İmişli” ilə səfər görüşünə çıxmayacaqlarını deyib sözlərinin üstündə durdular.
Gözlənilirdimi?
Gözlənilirdi.
Hələ yaydakı təlim-məşq toplanışında komandanın sükanı arxasına Elbrus Məmmədovu gətirib, çox keçmədən onu səbəbsiz-filan Nazim Süleymanovla əvəz edəndə, təqdimatları restorandakı “şəlalənin” qarşısında edəndə, gündə bir həkim, masajçı dəyişəndə, klubun prezidenti Zahid Niyazəliyevlə Elbrus Məmmədov mətbuat vasitəsi ilə “atışanda” bu işdə bir əmmanın olduğu açıq-aşkar görünürdü.
Klubun adına və iddiasına uyğun idarə olunmadığını hamı gördüyü halda, futbolçular görmürdü? Futbolçular məşqlərə fərqli formalarda gələndə və ortada qara qəpiyin olmadığını görəndə sonluğun bu cür olacağını hiss etmirdilər?
Yayda hamı bar-bar bağırırdı ki, kimlərsə “İrəvan” adını manipulyasiya edib fırıldaqlıq etməklə məşğuldur.
Zahid Niyazəliyevi “Qaradağ Lökbatan” üzərində qazanılan qələbədən sonra şəxsən gördüm.
Bir-bir futbolçuların boynunu sıxıb kənara çəkir, onlara nəsə deyir, ətrafda insanların toplaşdığını görüb ara-sıra “İrəvan” ölkənin ən köklü klubudur, tarixi “Neftçi”nin tarixindən də zəngindir” şəklində qışqırmaqla özünə xal qazanırdı.
Arada “İrəvan”ın Ali Baş Komandanın komandası olduğunu deyirdi ki, bununla yəqin ki, futbolçuların canına qorxu salmaq, onlarda əminlik yaratmaq niyyəti güdürdü.
Nazim Süleymanovu şirnikləndirmək, özündən və Aleksandr Jidkovdan muğayət olması üçün də ideal üsul tapmışdı.
Üzünü bəndənizə tutub, “Yazın, yazın ki, Nazim müəllim Azərbaycanın Fatih Terimidir” deməklə alqış qazanmaq istəsə də, gülüş obyektivinə çevrildi. Şəxsən özünə prezident deyən adamın düşdüyü hal məndə qıcıq gülüşü yaratdı.
Yəni bu klubun peşəkarlıqdan çox-çox uzaq idarə olunduğunu görmək üçün mənə Niyazəliyevə kənardan 10 dəqiqə kifayət etdi. Anladım ki, “İrəvan”ın işləri rəvan getməyəcək, 2-3 aya biabırçılıqlar yaşanacaq.
Hə, kənardan baxan biri bunları müşahidə etdiyi halda, futbolçular görmürdü? Transfer pəncərəsi bağlanana qədər klubda kifayət qədər nöqsanlar var idi.
Həmin vaxt çıxıb getmək, başqa ünvana boylanmaq lazım idi. İndi şəraitsizlikdən gileylənmək, pul davası etmək kimə nə verəcək?
Özü yıxılan ağlamır, bəylər. Qalxın, üstünüzü təmizləyib yolunuza davam edin.
HƏBİB / SPORTİNFO.AZ

