Bu gün I Liqada 5-ci tur start verilməlidir.
"İmişli" doğma meydanda "İrəvan"ı qəbul etməlidir (saat 15:00-da).
Amma qarşılaşmanın keçirilmə ehtimalı çox azdır. Qərbi Azərbaycan təmsilçisi daxili problemlər üzündən səfərə çıxmaqdan imtina edib.
Dörd aydır əməkhaqqı almayan futbolçular İmişliyə yollanmaqdan boyun qaçırıb.
Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev mövcud durumla bağlı Sportinfo.az-a açıqlama verib:
“Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən yarışlarda həmin liqaların Əsasnaməsinin tələbləri qüvvədə olur və bütün klublar bu Əsasnaməni izləməli və mövsümdən öncə tətbiq olunmuş Oyun günü planına uyğun hərəkət etməlidirlər.
Oyun günü planı AFFA nümayəndəsi, hakimlər, komandalar, oyuna birbaşa və dolayı yolla əlaqədar olan bütün şəxslər tərəfindən izlənməlidir.
Bu gün keçirilməsi nəzərdə tutulan “İmişli” – “İrəvan” oyunu üçün də bütün prosedural qaydalar həyata keçirilib.
Əgər bir komanda oyun təyin olunan vaxtdan 30 dəqiqə sonrakı müddətdə stadiona gəlməsə, oyun baş tutmamış hesab olunacaq.
Protokolda bununla bağlı bütün məqamlar qeyd olunacaq və İntizam Komitəsi rəsmi sənədlər əsasında hadisəni araşdırıb, hüquqi qiymət verəcək”.

