PFL bu boyda özbaşınalığa necə və niyə göz yumur – Məsuliyyətsizlik, yoxsa..?

8 Oktyabr 2023 16:05 Qalmaqal 1 316
PFL bu boyda özbaşınalığa necə və niyə göz yumur – Məsuliyyətsizlik, yoxsa..?

II Liqada çıxış edən «Göygöl»ün saxtakarlığa yol verməsi barədə oxucularımızın diqqətinə çatdırmışdıq.

Bir daha xatırladırıq ki, hadisə 5-ci turun oyununda qeydə alınıb.

Belə ki, «Dinamo»nu qəbul edən ev sahiblərinin heyətində meydana çıxan və 33-cü dəqiqədə qol vuran Fərid Məmmədov, əslində, «Şəmkir»in futbolçusudur (4:3).

Adıçəkilən yavrımmüdafiəçi 3-cü turda «Şəmkir»in heyətində «Dinamo»ya qarşı 31 dəqiqə forma geyinib. O, həmin görüşdə erkən əvəzlənməsinə etiraz əlaməti olaraq, düşərgəni tərk edib və «Göygöl»ə yollanıb.

İkincilər isə Məmmədovla bağlı heç bir araşdırma aparmadan onunla müqavilə bağlayıb və xidmətindən yararlanıb.

Bu, II Liqada ilk belə hadisə deyil. Artıq 3 bu cür olayla üzləşmişik.

Belə ki, 2-ci turun “Ağdaş”la “Baku Sportinq” arasındakı qarşılaşmasında qonaqlar adı protokolda olmayan oyunçunu meydana buraxmışdı, 3-cü turda “Şəmkir də “Dinamo” ilə oyunda eyni səhvi təkrarladı.

Nəhayət, Şamaxıda “Şahdağ Qusar”la qarşılaşan “Cəbrayıl” da bu problemlə üzləşib.

“Göygöl” rəhbərliyi hadisəylə bağlı “Futbol+“ə danışıb.

“Göygöl” Futbol Klubunun saxtakarlığa yol verməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Adıçəkilən futbolçunun - Fərid Məmmədovun “Şəmkir” FK ilə müqaviləsinə 20 sentyabr 2023-cü ildə xitam verilib.

28 sentyabr 2023-cü il tarixindən 1 iyul 2024-cü il tarixinədək futbolçunun “Göygöl” FK-da oynaması üçün həvəskar futbolçu müqviləsi imzalanıb.

Müqavilə imzalanan tarixdən etibarən futbolçu ilk matçına çıxaraq qola imza atıb. Bildirmək istəyirik ki, ehtiyac olduğu təqdirdə oyunçu ilə bağlanan müqavilənin təfərrüatı ictimaiyyətə təqdim olunacaq”.

Fərid Məmmədov isə haqqında səsləndirilən iddiaların əsassız olduğunu, bütün prosesin rəsmi qaydada həyata keçirildiyini deyib:

“Mən əslində müqavilə ilə “Kəpəz”ə məxsus idim. “Şəmkir”də çıxış edərkən məşqçi ilə bəzi problemlərim oldu.

“Dinamo” ilə oyunda cüzi səhvlərə yol verdiyim üçün məni meydandan erkən (31-ci dəqiqədə - red.) çıxardı. Düşünürəm ki, bu münasibətə layiq deyiləm, bu səbəbdən klubdan ayrılmaq qərarına gəldim.

“Göygöl”ə keçmək üçün “Kəpəz”ə müraciət etdim. Yalnız bundan sonra rəsmi şəkildə azad agent statusu aldım.

Yeni komandama da azad agant kimi qoşulmuşam. Hər şey qaydalar çərçivəsində, rəsmi sənədlər əsasında baş tutub. Əksini iddia edən bütün mənbələr yanılırlar”.

Açığı, bu açıqlamalar olmasaydı, biz hadisəyə belə tez qayıtmayacaq, AFFA İntizam Komitəsinin (İK) qərarını gözləyəcəkdik.

İK həftəiçi keçirdiyi son toplantıda nədənsə olayın üstündən sükutla keçib. Medianın hadisənin izinə bunca düşməsinə, «ipucu» əldə etməsinə baxmayaraq.

İntizam Komitəsinin üzvlərinin özlərini görməzliyə vurmasının səbəbi, əslində, bizə məlumdur. Son olay birbaşa Peşəkar Futbol Liqasının (PFL) bu sahəyə məsul şəxslərinin birbaşa səhlənkarlığı üzündən yaşanıb.

Çempionatın təşkilatçısı olan qurum məsuliyyətsizliyə yol verib, qanunazidd addımlar atıblar.

Necə? Gəlin, bunu da izah edək. Deməli, «Oyunçuların transferi və statusu haqda» qanuna görə, futbolçu mövsümün «transfer pəncərəsi» açıq olduğu hissəsində klubunu dəyişərsə, 30 gün ərzində gözləməlidir.

F.Məmmədov “Şəmkir”lə müqaviləsinə 20 sentyabr 2023-cü ildə xitam veribsə, o, oktyabrın 21-dən tez “Göygöl“ün formasında meydana çıxa bilməz. FİFA-nın qaydaları da bunu tələb edir.

II Liqa yarımhəvəskar çempionatdır? Peşəkar Futbol Klubu olan “Kəpəz“öz futbolçusunu “Şəmkir“ə icarəyə veribsə, bu, o deməkdir ki, tərəflər arasında professional əsaslara dayanan müqavilə imzalanıb.

Fəridin adı II Liqanın TMS sisteminə “Şəmkir“in oyunçusu kimi daxil edilib. Yarımmüdafiəçinin özü də deyir ki, azad agent statusu almaq üçün “Kəpəz“ə müraciət eləyib və yalnız bundan sonra “Göygöl“lə anlaşıb.

Burada həm “Göygöl“ rəhbərliyi, həm də PFL bir-birinin ardınca yanlışlığa yol verib. Belə ki, Məmmədov sonuncu dəfə “Şəmkir“in sıralarında yer aldığından, “Göygöl“ icazəni məhz onlardan almalı idi.

Amma belə etməyblər. Biz bunu F.Məmmədovun TMS-dəki qeydiyyat vərəqindən də görürük. Orada futbolçunun son klubu olaraq “Kəpəz“ göstərilib.

“Göygöl“ yeni klubdur və rəhbərlikdə təmsil olunan şəxslərin qayda-qanunları bu dərəcədə bilməməsi hardasa başadüşüləndir. PFL-ə nə sözünüz?

Təşkilatçı qurumun məsul şəxslərinin “Dinamo“nun haqqının yeyilməsində marağı nədir? Daxili İşlər Nazirliyinə aid kluba bu cür “buynuz“ göstərməyə cəsarəti kimdən, yaxud neçəyə alıblar?

Axı PFL başqa vaxt bütün çempionat iştirakçılarından qanunlara tələb olmağı tələb edir.

Adicə oyun vaxt topdaşıyan uşaqların yaş və say həddinə görə komandaları cərimələyə bilirlər, indi görmürlər ki, “Göygöl“ qaydalara məhəl qoymayıb?

Fərid Məmmədovun keçidinə icazənin “Kəpəz“dən deyil, “Şəmkir“ tərəfindən verilməli olmasını bilməyəcək qədər savadsız və naşıdırlar?

Qeydiyyatdan əvvəl futbolçunun sənədlərini gözdən keçirmək nə çətin şeydir ki? Bu boyda da səhlənkarlıq etmək olar?

Əlqərəz, PFL qeydiyyat prosesinə başdansovdu yanaşıb və gözləyirik ki, öz səhvlərini etiraf edib, məsələni AFFA İntizam Komitəsinin müzakirəsinə çıxarsınlar.

Biz də öz növbəmizdə mövzunu diqqətlə saxlamaqda davam edəcəyik.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA