"Səbail" heyətini daha bir legionerlə gücləndirib.
"Dənizçilər" son olaraq Madaqaskar millisinin hücumçusu Aleksandr Ramalinqom ilə 1 illik müqavilə imzalayıb.
Transfer açıqlandıqdan sonra gənc futbol meneceri Kamran Şahverdiyevin öz sosial şəbəkə hesabında Bayıl klubunun ünvanına sərt ittihamlar səsləndirməsini xəbər vermişdik.
Bu dəfə isə Kamran bəy özü "Sportinfo"ya müsahibəsində qalmaqalla bağlı bütün detallara aydınlıq gətirib.
- Daha əvvəl Şahin Diniyevlə aranızda hər hansı transfer danışığı olub?
- Mənim şəxsən yox, amma bizim İlkin adlı əməkdaşımız Ramalinqom barədə Diniyevlə danışıb. Bu oyunçudan başqa bir neçə futbolçu da təklif eləmişdik. Klubun sabiq icracı direktoru Fərəc Əliyevə də bu oyunçunu atmışdıq. Ən son isə iyun ayında Şahin Diniyevin köməkçisi ilə oyunçu barədə şəxsən özüm danışmışdım.
- Sizin əməkdaşınıza Şahin Diniyev nə demişdi?
- Bildirmişdi ki, oyunçu bizə maraqlı deyil.
- Transfer baş tutandan sonra necə, danışığınız olub?
- Transfer reallaşandan sonra danışmağın mənası qalır ki?
- Ən azından narazılıq edib, irad bildirə bilərdiniz...
- Mən elə şeyləri bəyənmirəm. İrad bildirəndə də vallah, deyəcək ki, mənim xəbərim yoxdur. Vaxt itkisidir, ciddi məna kəsb eləmir.
- Haqqında danışdığımız hücumçunu başqa klublara da təklif etmişdiniz?
- Əlimdə futbolçunun satışı ilə bağlı ötən ayın sonu başa çatan mandat var idi. Bir il ərzində "Səbail"dən başqa, "Zirə" və "Qəbələ"yə də göndərmişdik.
- "Səbail"ə keçidindən sonra futbolçu ilə danışığınız olub?
- Meneceri ilə danışmışam.
- Nə dedi?
- Dedi i, klubdan təklif gəldi, biz də qəbul etdik.
- Diniyev sizin təqdim etdiyiniz oyunçunu öncə bəyənmir, lakin qısa müddət sonra fikri dəyişir və sizsiz dolayı yolla keçid baş tutur. Sizcə, bu addımın izahı nədir?
- Mənə görə bir mənası var, sadəcə demək istəmirəm.
- Nə mənada?
- Təəssüf ki, bizim məşqçilər öz adamları ilə işləyir. Qıraqdan kimisə çevrələrinə qəbul etmirlər. Nəinki "Səbail", başqa bir neçə də belə klubumuz var. Eyni oyunçunu mən və başqası təklif edir. Və gedib öz adamı olan başqasından götürəcək.
- Kamran, daha əvvəl hər hansı klubumuzla aranızda oxşar hal yaşanıb?
- Bəli, ötən mövsüm yenə "Səbail"lə belə problem olmuşdu. Qoba Zakpanı mayda təklif etdik imtina etdilər. Ayyarım sonra isə kluba transfer olundu.
- Deyəsən, onda məsələnin üzərindən səthi keçmisiniz...
- Bəli.
- Bəs bu dəfə belə sərt reaksiya verməyinizə səbəb nədir?
- Zakpa sıradan futbolçu deyildi. Üzdə olan biriydi. Kipr çempionatından bura gəlmişdi. Klub da onu tanıya bilərdi. Amma Ramalinqomla bağlı vəziyyət fərqlidir.
- Necədir?
- Bu oyunçu ilə bağlı məni hiddətləndirən odur ki, 2022-ci ildə futbolçunu klublarımıza təklif etmədən öncə oturub 3-4 ay izləmişəm. Daha sonra təklif etmişəm. Fransa 3-cü liqasında oynayırdı. Bizdə isə həmin liqanı o qədər də izləyən yoxdur. İyunda mandatım bitib və ondan bir neçə gün sonra belə addım atmaq qeyri-etikdir. Əslində bizim məşqçilərin çoxundan mədəni, etik olmağı gözləmək mənim ayıbımdır.
XANOĞLAN İMANOV

