"Səbail" dünən heyətinə daha bir legioner qatıb.
"Dənizçilər" Madaqaskar millisinin hücumçusu Aleksandr Ramalinqom ilə 1 illik müqavilə imzalayıb.
Sportinfo.az xəbər verir ki, transfer açıqlandıqdan sonra gənc futbol meneceri Kamran Şahverdiyev Bayıl klubunun ünvanına sərt ittihamlar səsləndirib.
O, “feysbuk” sosial şəbəkəsindəki hesabında bunları yazıb:
"Heç kimin xəbəri olmayanda, 2022-ci ilin yayında bu oyunçunu "Səbail" və "Zirə"yə təklif etmişəm. Futbolçunun mandatı da bu ilin iyununun sonuna qədər məndə idi.
Mahmud Qurbanov onu bəyənmədi, Şahin Diniyev qışda gələndə bir də təklif etdim, yenə "yox" dedilər.
İyun ayının 14-də - ən son o vaxt Şahin Diniyevin köməkçisi ilə sırf bu oyunçu barədə söhbətimiz oldu.
Lakin yenə klubdan müsbət cavab gəlmədi. Üstündən 1 ay keçir, başqa menecer vasitəsilə bu futbolçunu "Səbail"ə gətirirlər.
Üzr istəyirəm ifadəmə görə, sizin olmayan... Belələri ilə Azərbaycan futbolu qətiyyən qabağa gedən deyil.
Ona görə də mən daha Azərbaycan futbolundan çəkilirəm. Şərəfsizlərdən 1 qəpik qazanmaqdansa quru çörək yeyərəm, daha yaxşıdır".
Şahin Diniyev 2017-ci ilin noyabrında maliyyə qalmaqalına görə "Kəpəz"dən ayrılmışdı.
Dövrü mətbuat onun həmin vaxt bəzi klub rəsmiləri ilə əlbir oalaraq, AFFA tərəfindən ayrılmış büdcənin “başına dağ saldığını” yazıb.

