Birinci Liqaya buraxılan “Araz Saatlı” FK ilə bağlı məsələ son günlərin aktual mövzusudur.
İş burasındadır ki, Region Liqasının daimi iştirakçısı “Araz” FK olsa da, Peşəkar Futbol Liqası (PFL) “Araz” FC-ni çempionata buraxıb.
Hansı ki, bu klub yenicə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
2018-ci ildə yaradılmış “Araz”FK isə PFL rəhbərliyinin ya qəsdən, ya da bilməyərəkdən yol verdiyi “səhv” ucbatından kənarda qalıb.
Əsasnaməyə görə, Region Liqasında çıxış etməyən heç bir klub I Liqada yarışa bilməz.
Peşəkar statuslu birincilikdə qüvvəsini sınamaq istəyən istənilən komanda minimum 1 mövsüm Region Liqasında varlıq göstərməlidir.
“Araz”FC 2023-cü ilin “məhsul”u olduğu halda, PFL yenicə formalaşdırılmış bu klubu “arxa bağça”dan I Liqanın sıralarına qəbul eləyib.
Yaranmış vəziyyətə aydınlıq gətirmək üçün Peşəkar Futbol Liqasının mətbuat katibi Sənan Abdullayevlə əlaqə saxladıq.
Qurum rəsmisi məsələyə geniş şəkildə aydınlıq gətirdi:
“İlk növbədə bildirmək istəyirik ki, AFFA İcraiyyə Komitəsinin qərarı ilə Liqaların sayının artırılması müsbət haldır. Bu qərardan sonra bölgələrimizin futbola gəlişinə şərait yarandı.
Əvvəldən də bilirdik ki, yeni klubların gəlişi həm də bu cür söhbətlər meydana gətirəcək. Əminliklə deyə bilərik ki, bizim üçün əsas məqsəd Saatlıda futbolun olmasıdır. Komandanın adının "Araz" FK, "Araz" FC və ya başqa biri olmasının bizim üçün heç bir fərqi yoxdur.
Bu, təkcə Saatlı klubuna şamil olunmur, qərardan sonra həm 1-ci, həm də 2-ci liqada bir sıra klublar adından bir sıra şəxslər də müəyyən iddialar ilə çıxış ediblər.
Bizim əsas məqsədimiz normalara cavab verən infrastrukturun olması və təmiz insanların futbola gəlişidir. Adla heç nə həll olunmur, əsas məsələ məqsədlər və niyyətlərdir.
Digər tərəfdən, bildiyiniz kimi, Region Liqasında 3 il oynamaq məsələsi AFFA İcraiyyə Komitəsinin iclasında ləğv olunub.
Başqa sözlə, klubların qarşısında 1 il və ya hər hansı bir müddət oynamaq tələbi qoyulmur.
Bu qərar yeni verilməsinə baxmayaraq sağlam düşüncəli insanların və perspektivlər vəd edən klubların futbol xəritəsinə daxil olmasına səbəb olan bir qərardır.
Yəni bu il üçün 1-ci liqada iştirak edən klubun yaranma tarixi deyil, məqsədi və inkişaf perspektivləri bizim üçün əsasdır.
Növbəti mövsümdən isə lisenziyalaşdırma şərtləri uyğun gələcəyi halda liqalar arasında idman prinsipləri əsasında hər şey müəyyənləşdiriləcək.
Sırf "Araz Saatlı" klubundan danışırıqsa, İcraiyyə Komitəsinin qərarı olmadan öncə biz bu klubdan 2 nəfərlə kontaktda olmuşuq.
Klubun rəsmisi Ədalət bəy və Saatlı Olimpiya İdman Kompleksinin direktoru Aqil Heydərov ilə. Hələ qərar qəbul edilmədən bu şəxslər əməli işlərə başlayıblar.
Meydançada, tribunalarda, eyni zamanda oyunlarının təşkili üçün lazım olan birbaşa və yardımçı otaqlarda müvafiq işlər görülüb və bu proses davam edir.
Bilirsiniz ki, 1-ci liqa üçün iddia edən klubun infrastrukturu normal olmalıdır. Bu şəxslər normal infrastrukturun daha da yaxşılaşdırılmasına çalışıblar
. Bizim bu bir neçə ay ərzində Güloğlan müəllim ilə heç bir təmasımız olmayıb. Yalnız qərar çıxdıqdan sonra və dövlət yardımı ilə bağlı məlumat verildikdən sonra belə söz-söhbətlər meydana gəlib.
Sizin də bildiyiniz kimi, İcraiyyə Komitəsinin iclasında xüsusi bir qərar var ki, klubların son araşdırması AFFA-nın baş katibliyi və Peşəkar Futbol Liqasına tapşırılıb.
Yəni siyahıda göstərilən klublar məhz yekun təftişdən sonra liqada ola da bilər, olmaya da.
Məhz bu periodda belə halların meydana gəlməsi digər tərəfdən bizim işimizə yarayan məqamdır.
Bir daha vurğulamaq istəyirik ki, biz işimizi adlar üzərində deyil, məhz məqsədi Azərbaycan futbolunun inkişafı naminə qurmaq və bu yolda əməli addımları ilə özlərini sübut etmiş klublara güvənmək istəyirik.
Dünən yazılmış liqadan imtina məktubunun da dərhal ictimailəşdirilməsi də bizim üçün sual doğuran qaranlıq məqamdır.
Bu tip məktubun mövsümün ortasında da yazılmayacağına heç kim zəmanət verə bilməz. Odur ki, biz bundan öncəki təcrübələrimizə əsasən son dərəcə diqqətli davranmalıyıq.
Sözsüz ki əgər iddia varsa, araşdırma da olacaq. Tərəflərin dinlənilməsi nəzərdə tutulur".
HƏBİB / SPORTİNFO.AZ

