Xəbər verdiyimiz kimi, UEFA 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisini cəzalandırıb.
Yığmamız bundan sonra qurumun keçirdiyi İnkişaf turnirində iştirak edə bilməyəcək.
Avropa futbol təşkilatı bununla bağlı AFFA-ya məktub yollayıb.
Füzuli Məmmədovun baş məşqçisi olduğu komanda mayın 1-dən 7-dək Albaniyanın paytaxtı Tiranada keçirilən UEFA İnkişaf turnirində iştirak edib. Yığmamız burada Farer adaları, Albaniya və Moldova ilə üz-üzə gəlib.
UEFA-nın son qərarının motivi artıq bizə məlumdur. Problem ondadır ki, Albaniya yığmasının məşqçiləri komandamızı çalışdıran həmkarlarından yerli federasiyaya şikayət edib.
Onlar da öz növbəsində beynəlxalq qurumu bundan məlumatlandırıb. Demə, F.Məmmədov albanlarla qarşılaşmanın gedişində özünü çox pis aparıb.
O, həm millimizin, həm də rəqibin futbolçularının ünvanına təhqiramiz ifadələr işlədib, dəfələrlə hakimlərə kobud şəkildə etiraz bildirib, üzünü ev sahiblərinin əyləşdiyi texniki zonaya tutaraq atmacalar atıb.
«Neftçi»nin sabiq çalışdırıcısı bununla da kifayətlənməyib. O, İnkişaf turnirinin reqlamentinə məhəl qoymayıb.
Yarışın qaydalarına görə, iştirakçı komandalar adlarını sifariş ərizəsinə qeyd etdiyi futbolçuların hər birinə şans verməyi öz üzərinə götürür (ən azı 90 dəqiqə).
Füzuli Məmmədov UEFA-nın tələbini yerinə yetirməyib, hər üç qarşılaşmada demək olar eyni oyunçuları meydana buraxıb, digərlərini ehtiyatda saxlayıb.
Turnirə gələn kolleqaları hələ ilk matçdan sonra ona UEFA-nın reqlamentini xatırladıb, o isə yenə özünü bazar darğası kimi aparıb, xəbərdarlığı qulaqardına vurub.
SPORTİNFO.AZ

