Azərbaycan çempionatında 10-dan çox oyunda "alver" olub? – YENİ TƏHQİQAT

26 May 2023 16:40 Qalmaqal 1 732
Azərbaycan çempionatında 10-dan çox oyunda "alver" olub? – YENİ TƏHQİQAT

Dünən AFFA İntizam Komitəsi danışılmış oyunlarda iştirak etmiş 6 futbolçunu cəzalandırıb.

I Divizionda MOİK-in formasını geyinən Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Elşən Veysov, ordu klubunun sabiq üzvü Qabil Sabirli, MOİK-in formasını geyinmiş, hazırda “Araz Naxçıvan”ın qapıçısı olan Fərman Bayramovun danışılmış oyunlar barədə xəbərdar olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmalarına qadağa qoyulub.

Adları çəkilən oyunçular 6 aydan sonra futbol fəaliyyəti ilə məşğul ola bilərlər.

Bundan əlavə, Samir Hüseynov adlı şəxsin oyunların təşkil edilməsinə görə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük məhrum edilərək AFFA və PFL bayrağı altında keçirilən matçlarda stadiona daxil olmağı qadağan olunub.

AFFA-nın baş katibi Sərxan Hacıyev bildirib ki, danışılmış oyunlar şübhəsi ilə araşdırılan başqa matçlar da var.

Milli assosiasiya rəsmisi qərarın faktlara söykəndiyini söyləyib: “AFFA İntizam Komitəsinin futboldan uzaqlaşdırılan şəxslərlə bağlı qərarı faktlar əsasında verilib”.

Sərxan Hacıyev burada yenə ad çəkmir. Amma bu, o demək deyil ki, baş katib fikir azdırır, yaxud yalan danışır.

Söylədikləri gerçəkdir. Həqiqətən AFFA hüquq-mühafizə orqanları ilə bərabər oyun ”alver”ini araşdırmağa davam edir.

Təhqiqatın bu mərhələsi I Divizionun bir neçə komandasını əhatə eləyir. ”Araz Naxçıvan”, ”İmişli” və ”Mingəçevir”ın oyunları xüsusi diqqət mərkəzindədir.

Habelə Premyer Liqa klublarının əvəzedici heyətlərinin mövsümün ikinci yarısında keçirdiyi 10-dan artıq matç incələnməkdədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti