Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən “Kəpəz” – “Turan Tovuz” oyunundan (1:0) sonra insident yaşanıb.
Sportinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan görüşdən sonra komandaların üzvləri arasında mübahisə düşüb.
Belə ki, Gəncə təmsilçisinin kapitanı Yusif Nəbiyev və Tovuz klubunun qapıçısı Kamal Bayramov arasında gərginlik yaşanıb. Futbolçular mübahisə etməyə başlayıb. Hər iki klubun işçiləri onları sakitləşdirməyə çalışıb.
Daha sonra Bayramovla “Kəpəz”in mühafizə xidmətinin rəisi Elmar Vəliyev arasında mübahisə düşüb. Bundan sonra məsələyə polis qarışıb. Komandalar məhz polisin müşayiəti ilə stadiondan ayrılıblar.
Daxili İşlər Nazirliyi Qəbələdə keçirilən futbol matçından sonra baş verən hadisələrlə bağlı açıqlama yayıb.
Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, Qəbələ şəhər stadionunda keçirilən “Kəpəz”lə “Turan Tovuz” arasında keçirilən matçın yekununda futbolçular arasında sözlü mübahisə yaranıb.
Hakimlər tərəfindən futbolçular sakitləşdirilib və hər hansısa bir insident, dava-dalaş qeydə alınmayıb.