
Azərbaycanın FIFA referisi Əliyar Ağayevin Yunanıstan Kubokunun yarımfinal mərhələsində "Olimpiakos" və AEK arasında keçiriləcək cavab oyununa təyinat alması meydan sahiblərini narazılığına səbəb olub.
Sportinfo.az xəbər verir ki, Pirey təmsilçisinin vitse-prezidenti Kostas Karapapas bununla bağlı özünün instaqram səhifəsində paylaşım edib.
O, Yunanıstan Futbol Federasiyasını verdiyi qərara görə ələ salıb:
"Nəhayət, federasiya səsimizi eşitdi və oyunumza böyük liqadan hakim təyin etdi.
Məlumdur ki, Azərbaycan öz çayından başqa, La Liqa, Premyer Liqa, Bundesliqa, Serie A və Liqa 1 ilə birlikdə dünyanın ən yaxşısı sayılan çempionatı ilə də məşhurdur! Niyə də yox?!", – Karapapas yazıb.
Qarşılaşma martın 1-də olacaq. İlk görüşdə AEK 3:0 hesabı ilə qalib gəlib.