Bu açıqlama aranı qarışdıracaq: “O, kimlərin hansı işlərdən çıxdığını yaxşı bilir”

14 Dekabr 2022 23:40 Qalmaqal 768
Bu açıqlama aranı qarışdıracaq: “O, kimlərin hansı işlərdən çıxdığını yaxşı bilir”

“Kəpəz”in “Sabah”la oyunu qalıb bir tərəfdə. İndi Gəncədə hamı baş məşqçi Tərlan Əhmədovla futbolçu Əfran İsmayılov arasında yaşanmış qalmaqaldan danışır.

Bir neçə gün öncə Gəncə şəhər stadionunun paltardəyişmə otağında bu iki şəxs arasında baş verən münaqişə ölkə futboluna səs saldı.

Rauf Əliyev, Əli Səmədov və Elvin Yunuszadə kimi tanınmışları əvəzedici komandaya göndərən baş məşqçinin Əfrana da eyni münasibəti göstərmək həvəsinə düşməsi sabiq yığma üzvünün “partlaması” ilə nəticələndi.

Əhmədova hər kəsin gözləri önündə dişinin dibindən çıxanları deyən İsmayılov saytımıza verdiyi açıqlamada faktı təsdiq edib.

İndi aktual sual Əfranın “Kəpəz”dəki gələcək aqibətidir. Tərlan Əhmədov klub rəhbərliyinə etdiyi müraciətdə tanınmış top ustasının klubdan uzaqlaşdırılmasına dair müraciət edib.

Lakin İdarə Heyətinin sədri İlqar Nadiri məsələyə qarışmaq istəmədiyini deyərək, baş məşqçiyə söhbəti öz aralarında həll etməyi tövsiyə edib.

Maraqlıdır, Əfran özü bu haqda nə düşünür? Rəhbərlik onunla bu mövzuda danışıbmı? Danışıbsa, nə deyib? “Kəpəz”dəki gələcəyini necə görür?

Səbəbkar Sportinfo.az-a açıqlamasında məlum mövzuda danışıb:

“Düzü, İlqar müəllimlə hələ ki, görüşməmişəm. Yəqin ki, “Sabah”la oyundan sonra görüşüb danışacağıq.

İlqar müəllim idman adamıdır, özü peşəkar idmanla məşğul olub. İdmançının, yaxud məşqçinin üzünə baxanda həmin şəxsin necə biri olduğunu müəyyən edə bilir.

6 aydır “Kəpəz”dəyəm, Allaha and olsun, bu adamın klub üçün etdiklərinə heyranam.

Məhdud büdcə olmasına baxmayaraq, komandanın rahatlığı üçün hər cür şərait yaradır: massaj, sauna, basseyn, qidalanma, nə lazımdırsa edir. Maaş və mükafatlar da vaxtında verilir.

Bu günə qədər çox klublarda oynamışam, çox rəhbərlər görmüşəm. Amma İlqar müəllimdə idmanı dərindən bilən rəhbər keyfiyyətləri var.

Heç kimə artıq söz deməz, məşqçilərin işinə qarışmaz, paltardəyişmə otağına girməz, qarşısındakını sona qədər dinləyər.

Rəhbər kimi kənarda dayanıb futbolu izləyir, üzərinə düşən işi artıqlaması ilə görür. Belə bir insanla işləmək mənim üçün çox xoşdur.

Dediyiniz məsələyə gəlincə, kimin kim olduğunu, kimlərin hansı işlərdən çıxdığını yaxşı bilir. Özü də anlayır ki, komandaya kömək etmək, oynamaq, “Kəpəz”ə fayda vermək istəyirəm.

Əsas odur obyektiv insandır və hadisələrə düzgün qiymət verməyi bacarır. İnşallah, baş məşqçi ilə aramda yaşananları biləndən sonra hər şeyi başa düşəcək”.

Yayda “Kəpəz”lə 1 illik müqavilə bağlayan Əfran İsmayılovun klubla sözləşməsi cari mövsümün sonuna qədərdir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"