“Azərbaycanda ölkə kuboku uğrunda yarış keçirilirdi.
Di gəl, qanı qanımızdan, canı canımızdan olan Azərbaycan idmançıları həmin yarışa buraxılmadı.
Dedirlər, gəlin üzrxahlıq məktubu yazın, iştirakınıza icazə verək”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında ölkəmizin titullu armwrestling (qol güləşi) ustalarından sayılan Azər Məhərrəmov deyib.
Azərbaycanın milli qəhrəmanı “Fred Asif” ləqəbli Asif Məhərrəmovun oğlu olan 46 yaşlı idmançı Azərbaycan Qol Güləşi Federasiyasının özlərinə qarşı münasibətindən narazıdır.
Bunun səbəbi isə bir sıra qol güləşçilərinin federasiyanın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlara üzv olmaqdan boyun qaçırmasıdır.
Məhərrəmov AQGF-dakı özbaşınalıqları bu cür şərh edib:
“20-yə yaxın dünya çempionu 2018-ci ildən federasiyadan uzaqlaşmışıq. Dünyada iki beynəlxalq armwrestling federasiyası var, biri WAF-dır, o biri də İFA.
Biz İFA-nın bayrağı altında keçirilən yarışlarda Azərbaycanı təmsil edirik. WAF-da haqsızlıq və pul yeyintiləri olurdu deyə, İFA-ya keçdik. Bir də ki, burada yarışların səviyyəsi yüksəkdir, idmançıların tanınmaq imkanı çoxdur. Üstəlik, qaliblərə pul mükafatı da verilir.
AQGF-nın üzv olduğu WAF-da inkişaf adına heç nə yoxdur. Getdin yarışa, gəlib oturdun evdə, vəssalam. Açığı, yerli federasiyadan da bizə qarşı çox haqsızlıqlar oldu deyə, İFA-nı seçdik”.
Bir sıra idmançının federasiyanın üzv olduğu beynəlxalq təşkilatdan üz çevirməsi AQGT rəhbərliyinin xoşuna gəlməyib. Məhz buna görə də həmin idmançıların ölkə daxilində keçirilən yarışlarda iştirakına icazə verilmir:
“Bizim uşaqlardan bir neçəsi Azərbaycan kubokunda iştirak etmək istəyirdi. İdmançıları yarışa buraxmayıblar ki, bəs, siz başqa yarışlarda iştirak edirsiniz.
Turnirdə iştirak üçün şərt qoyublar. Üzrxahlıq məktubu yazın, müraciətinizə baxıb, buna uyğun qərar verək. Azərbaycan idmançısı yarışda iştirak etmək istəyirsə, ona şərait yaradılmalı, icazə verilməlidir
. Nə dəxli var xaricdə hansı təşkilatın üzvüdür. Şəxsən 5 idman növü üzrə nəticələrim var. Bu gün bu idman növündəyəm, sabah başqasında iştirak edirəm”.
Milli qəhrəmanın oğlu federasiyadakı özbaşınalıqlardan narazılığını dilə gətirib:
“AQGF-nin prezidenti Cəsarət Əhmədovdur. Bu adamın idmandan anlayışı yoxdur. Sadəcə, federasiyanı kommersiya kimi istifadə edir.
Bu günə qədər bir idmançı yetişdirə bilməyib. Əksinə, bacarıqlı idmançıları ölkədən uzaq salıb, küsdürüb.
Budəfəki yarışa buraxmadıqları Hüseyn Əmənli 25 qat Azərbaycan, 4 qat Avropa çempionudur çempionudur. Federasiyada bildiyiniz anarxiyadır.
Tutaq ki, mən ölkədaxili yarışda birinci yeri tutmuşam, beynəlxalq turnirə getməliyəm. Amma məni yox, başqasını aparırlar, öz adamlarını.
Onlar da gedib heç nə edə bilmir. Təsəvvür edin, 2008-ci ildən bu yana böyüklər arasında bir nəfər də olsun çempion yetişdirə bilməyiblər.
1996-cı ildən bu idman növü ilə məşğul olan Azər Məhərrəmov geridə qalan müddətdə 2 dəfə dünya çempionu, 2 dəfə dünya ikincisi, 1 dəfə Avropa çempionu, 3 dəfə Avropa ikincisi olub.
2021-ci ilin sentyabrın 5-də peşəkarlar arasında vendetta yarışında erməni idmançısını Ukraynanın paytaxtı Kiyevdə məğlub edərək Azərbaycana kubokla qayıdıb.
HƏBİB / SPORTİNFO.AZ

