“Bəli, Tərlan Əhmədovla paltardəyişmə otağında qalmaqal yaşamağım doğru xəbərdir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında iki gün öncə “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədovla münaqişə yaşayan Əfran İsmayılov deyib.
Gəncədə baş verən hadisə haqda ilk məlumat yayan mətbu orqan olaraq məsələni diqqətdə saxlayacağımızı və qalmaqalın səbəbini üzə çıxarmağa çalışacağımızı siz oxuculara söz vermişdik.
Baş məşqçi ilə tanınmış futbolçunun kollektivin gözləri önündə sözləri çəp gəldiyindən, aralarında ciddi qarşıdurma yaşanıb. İsmayılov Əhmədova olmazın sözlərini deyib.
Səbəbkar söhbətlə bağlı dərinə getmək istəməsə də, verdiyi açıqlamayla “torbada pişiyin olmasına” dair mesaj verdi:
“Saytınızda aramızda söz davasının yaşanması ilə bağlı xəbər oxumuşdum. Deyim ki, söz davası onun yox, mənim tərəfimdən olub.
Artıq söz işlətdi, mən də lazım olan sözləri üzünə dedim. Nə demişəmsə haqlı demişəm, üzünə demişəm.
Heç bir sözümə cavab verə bilmədi. Susub, üzümə baxdı. Qalmaqalın səbəbini inşallah tezliklə bilərsiniz”.
“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Rauf Əliyev, Əli Səmədov və Elvin Yunuszadənın ardınca Əfran İsmayılovu da əvəzedici komandaya göndərmək üçün ona əsası olmayan irad bildirib.
Məhz bundan sonra futbolçu baş məşqçiyə qarşı çıxaraq ünvanına komandada hər kəsin düşündüyü, lakin dilinə gətirə bilmədiyi fikirləri səsləndirib.
HƏBİB

