"Haqqımda yalan ittihamlar səsləndirsin, problem yoxdur"

25 Oktyabr 2022 00:50 Qalmaqal 559
"Haqqımda yalan ittihamlar səsləndirsin, problem yoxdur"

Azərbaycan futbolunun tanınmış simalarından olan Maşallah Əhmədov bir neçə gün öncə “Kəpəz”in icraçı direktoru İlqar Nadiri ilə bağlı kəskin ittihamlar səsləndirmişdi.

Keçmiş futbolçu “Kəpəz” rəsmisini öz qohumlarını kluba gətirərək onları işlə təmin etdiyini bildirmişdi.

Komandanın pis günə qalmasında Nadirini günahlandıran M.Əhmədov başqa bir məqama da toxunmuşdu.

O, səfər oyunlarında komandanın hansısa oteldə deyil, daha ucuz olması səbəbindən Olimpiya komplekslərində məskunlaşdığını, üstəlik futbolçuların yolda içdikləri çayın pulunu özləri ödədiyini də söyləmişdi.

Məşhur futbolçunun ittihamları ilə bağlı “Kəpəz” rəsmisi “qaynarinfo”ya müsahibə verib. O

Sportinfo.az xəbər verir ki, o sözügedən məsələlərlə yanaşı “Kəpəz”in durumuna toxunub, yeni baş məşqçi Tərlan Əhmədovun fəaliyyətini də dəyərləndirib:

- Maşallah Əhmədov bir neçə gün öncə sizi çox kəskin şəkildə ittiham etdi. Qohumlarınızı klubda işlə təmin etdiyinizi bildirdi…

- Bununla bağlı açıqlama vermək istəməzdim, düzgün çıxmır. Müasir zamanda hər şey sistem əsasındadır, görünür. Deyir ki, guya əmim oğlu stadion direktoru vəzifəsində işləyir. Bu gün stadion direktoru vəzifəsində elə adam, ümumiyyətlə, klubda belə vəzifə yoxdur. Üstəlik, mənim soyadımı hər kəs bilir. “Kəpəz”də mənim soyadımla işləyən heç kim yoxdur. Qısası, onun dedikləri əsassız və yalan məlumatlardır.

- Əhmədovun komandanın səfər oyunlarına gedərkən ucuz olduğu üçün Olimpiya komplekslərində məskunlaşması və futbolçuların içdikləri çayın pulunu özləri ödəməsi ilə bağlı dedikləri də yalandır?

- Səfər oyunlarında komandanın harada qalmasını məndən soruşmağa ehtiyac yoxdur. Yəni komanda Olimpiya komplekslərində məskunlaşmır. Bu da yalan məlumatdır. Bilmədiyi sözləri danışır. Bunlar haqqında danışmaq istəmirəm.

- Yalandırsa, Əhmədovun ittihamlarına görə, hüquqi yollara baş vura bilərsiniz…

- Bu barədə düşünmürəm. Maşallah müəllim Gəncədə doğulub, böyük futbolçu olub. Arzu edərdim ki, yenidən Gəncədə onun kimi futbolçular yetişsin. Haqqımda yalan ittihamlar səsləndirsin, problem yoxdur. Təki yenə Gəncədən onun kimi, Yunis Hüseynov, Mahmud Qurbanov kimi futbolçular çıxsın.

- Yeni baş məşqçi Tərlan Əhmədovun fəaliyyətini necə dəyərləndirirsiniz? Onun gəlişindən sonra gördüyünüz hansı dəyişiklikləri qabarda bilərsiniz?

- Tərlan müəllim gələndən sonra özünüz də görürsünüz, komanda başqa sistemlə oynayır. “Kəpəz” daha iddialı komandaya çevrilməyə doğru gedir. Sona qədər döyüşür. Kimliyindən asılı olmayaraq futbolçular meydançada 90 dəqiqə mübarizə aparır. Qısa müddətdə nəticə əldə edə bilmərik. Amma gələcəkdə daha iddialı komanda formalaşdıracağımıza inanırıq.

- Hazırkı “Kəpəz” yay fasiləsində toplanıb, hansı ki, həmin vaxt Əhmədov komandanın başında yox idi. “Kəpəz”i çempionata daha yaxşı hazırlamaq üçün məhz yay fasiləsində təcrübəli mütəxəssisə tapşırmaq mümkün deyildi?

- Həyatdır, bilmək olmaz nə necə baş verəcək. Həmin vaxt Yaşar Vahabzadəyə güvənib, onunla yola davam edirdik. Bu mövzunu yenidən qabartmağa ehtiyac yoxdur. Bu gün komandanın başında Tərlan müəllimdir və gələcəyə baxırıq.

- Maraqlıdır, yeni baş məşqçi gələndə onunla hansı məsələləri müzakirə etdiniz? Əhmədovun şərtləri nə idi?

- Şərtlərimiz ancaq komandanın inkişafıdır. Başqa nə şərt ola bilər? Bizim, Tərlan müəllimin, klubda işləyən bütün insanların məqsədi ancaq komandanın inkişafıdır.

- Heyətdə hansısa dəyişiklikləri həyata keçirmək, yeni transferlər cəlb etməklə bağlı müzakirələriniz oldu?

- Bunlar zamanla olacaq. Özü də açıqlama verib ki, qış fasiləsində heyətdə bəzi mövqelərdə dəyişikliklər etməyə çalışacaq.

- Komandanı inkişaf etdirmək üçün daha yaxşı büdcə ayırmaq planınız varmı?

- Yaxşı büdcə üçün yaxşı sponsor lazımdır. Bu gün hamıya məlumdur ki, klubun nə qədər büdcəsi var. Ona görə daha yaxşı büdcə ayırmaq qeyri-real söhbət olardı. Mövcud büdcə var və onunla davam edirik.

- Sponsor axtarışları nəticə verir?

- Axtarışlar davam edir. Hələ ki, yaxın görünən sponsor yoxdur ki, müqavilə bağlayaq.

- Futbolun İnkişaf Fondunun avtobus almaq üçün “100k” layihəsi məsələsində durum necədir?

- Klubumuzun əməkdaşları onlarla daim əlaqədə olur. FİF-in nümayəndələri də çalışırlar ki, komandaya kömək etsinlər.

- Bu yaxınlarda FİF-in layihəsi ilə bağlı araşdırma apardım. Maraqlıdır ki, “Turan Tovuz”un dəstəkçiləri daha fəaldır, nəinki “Kəpəz”in. Klubun sabiq tanınmışlarından yalnız Yunis Hüseynov ianə edib. Ancaq digərləri nədənsə susur. Sizcə, belə etinasızlığın səbəbi nədir?

- Maraqlı mövzu və sualıdır (gülür). Mən kiməsə deyə bilmərəm ki, “gəlin ianə edin”. Bu sualları özlərinə ünvanlasanız, daha doğru olar. Sizi də başa düşürəm, maraqlandığınız tərəflər var. Amma bu suala özləri cavab versə, yaxşı olar.

Digər Xəbərlər
Xəbər Lenti