"İsveçrə ilə matçda daha əvvəl oynamış bir çox futbolçunun xidmətindən istifadə edə bilmədim. Onların bəzilərində koronavirus testi müsbət çıxmışdı".
Sportinfo.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsinin İsveçrə ilə oyunu (1:2) öncəsi üzləşdikləri problemlər barədə danışarkən deyib.
Xorvatiyalı mütəxəssis infeksiyaya yoluxmuş oyunçuların adlarını və sayını açıqlamasa da, onların vəziyyətinin yaxşı olduğunu bildirib.
43 yaşlı baş məşqçinin sözlərinə görə, UEFA qarşılaşmadan əvvəl Barış Ekincier və Emre Kaplanın meydana çıxmasına icazə verməyib: "Barış və Emre çıxış etdikləri ölkədə testdən keçmişdilər.
Matçdan 1 gün öncə onların oynamasında problem olmadığı bildirildi. Oyun günü isə UEFA yalnız öz test nəticələrinin əsas götürüldüyünü iddia edərək, qərarını dəyişdi. Nəticədə meydana fərqli heyətlə çıxmalı olduq. Bəzi futbolçular ilk dəfə oynayırdılar" (report).

