Rusiyanın aparıcı idman telekanalı “Matç TV”nin “Qarabağ”ın Avropa Liqasındakı oyunlarını yayınlamamaq qərarı verdiyindən xəbərdarsız.
Sportinfo.az xəbər verir ki, anası erməni olan Tini Kandelakinin baş prodüser kimi çalışdığı telekanal guya Qarabağda davam edən müharibəni nəzərə alaraq, belə həssas məqamda ermənilərin hisslərinə toxunmamaq üçün bu addımı atıb.
Təbii ki, bu absurd bəhanədi. Heç kimə sirr deyil ki, cəbhədə ağır məğlubiyyətlərə düçar olub, işğal etdikləri torpaqlardan it kimi qovulan ermənilər “Qarabağ”ın Avropanın nüfuzuna görə ikinci turnirinin qrup mərhələsində oynamasını həzm edə bilmirlər.
Bu üzdən anası erməni, “Matç TV”də əsas söz sahiblərindən biri sayılan Kandelaki də öz aləmində guya ana qohumlarının intiqamını bu yolla alır.
Rusiya telekanalı Azərbaycan klubunun avrokubok oyunlarını boykot (rəsmi deyil) etdiyi halda, ölkəmizdə Çempionlar Liqası və Avropa Liqasının yayın hüququna malik “CBC Sport”un ÇL çərçivəsində Moskva “Lokomotiv”i ilə Madrid “Atletiko”su arasında Rusiya paytaxtında keçirilən oyunu canlı yayınlaması ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmadı.
Sosial şəbəkələrdə bununla bağlı paylaşımlar edən idman mediasının bir çox nümayəndələri “CBC Sport”un da eyni addım atmalı olduğunu qeyd ediblər.
Telekanal rəhbərliyi Qarabağda vuruşan ermənilərə yardım göstədiyinə görə bir müddət əvvəl “Roma”nın İtaliya çempionatındakı oyunlarını boykot etməyi lazım bilmişdi.
Bəs görəsən, “CBC Sport”un rəsmiləri “Matç TV”yə cavab kimi qitəmiqayaslı turnirlərdə iştirak edən Rusiya klublarına münasibətdə də eyni addımı atmağı düşünürlərmi?
Bu suala aydınlıq gətirmək üçün telekanalın baş redaktoru Şəmsəddin Abbasovla danışmaq istədik (Futbol+). Şəmsəddin bəy məsələ ilə bağlı şərhçilər qrupunun rəhbəri, oyunların seçiminə cavabdehlik daşıyan Rüstəm Əfsərli ilə əlaqə saxlamağımızı istədi.
Rüstəm bəy isə bunları söylədi: “Əlbəttə, ictimai fikri nəzərə alırıq. Ancaq eyni zamanda oyunun reytinqini də nəzərə almaq lazımdı.
Fikrimizcə, eyni vaxtda keçirilən “Şaxtyor” – “Borussiya” (Münhenqladbax) matçı ilə müqayisədə “Lokomotiv” – “Atletiko” matçı daha maraqlı idi. Bundan başqa, biz oyunu ötən həftədən sifariş etmişik.
Bildiyiniz kimi, bunun üçün UEFA-ya müraciət edirik və son anda onu dəyişmək mümkün deyil. “Matç TV” tərəfindən “Qarabağ”ın oyunlarının yayınına qadağa qoyulmasıyla bağlı rəsmi açıqlama olmayıb.
Onu da bildirim ki, “Roma” ilə “Lokomotiv”i müqayisə etmək olmaz. İtaliya klubu erməni futbolçunun məsləhəti ilə Qarabağda gedən döyüşlərdə iştirak edən ermənilərə müxtəlif şəkildə yardımlar edib.
Biz də telekanal olaraq, qərara aldıq ki, adını çəkmək istəmədiyim futbolçu o klubdan gedənə qədər “Roma”nın oyunlarını boykot edək. Bizim bütün qonşularımızla - təbii ki, biri istisna olmaqla - xoş münasibətimiz var.
Bu günə kimi nə “Lokomotiv”in oyunçularından, nə rəhbərliyindən, nə də Rusiya futbol ictimaiyyətindən kiminsə Azərbaycana qarşı hansısa mənfi çıxışı olub.
Rusiya dövləti ilə ölkəmiz arasında strateji əməkdaşlıq mövcuddu. Şimal qonşularımızın indiki vətən müharibəsində də bizə münasibətdə mövqeyi bəllidi.
Rusiya Qarabağın Azərbaycana məxsus olduğunu dəfələrlə vurğulayıb, ərazi bütövlüyümüzü tanıyır. Sonda yenə deyirəm, telekanal olaraq, ictimai rəy, tamaşaçılarımızın fikirləri bizim çox üçün dəyərlidi. Çalışırıq işimizi onların istəyinə uyğun quraq”.

