“Xəzər Lənkəran“ın fəxri prezidenti Mübariz Mənsimova məxsus “Şövkət Ələkbərova” tankerinin kapitanının baş köməkçisi aclıq elan edib.
Sportinfo.az xəbər verir ki, buna 13 aydır əməkhaqqı almaması səbəb olub.
Malta bayrağı altında üzən “Şövkət Ələkbərova” may ayından İstanbul limanının reydində qalmaqdadır. Gəminin bortunda iki Rusiya vətəndaşı (kapitan və baş köməkçi), həmçinin 10 Azərbaycan vətəndaşı var. Tankerdə aşbaz işləyən bir rusiyalı da bu yaxınlarda gəmini tərk edib.
Gəminin kapitanı Vadim Kayuçkinin sözlərinə görə, tanker faktiki olaraq sahibi tərəfindən atılıb.
“Palmali“ şirkətinin nümayəndəsi Mahmud İmansoy isə öz növbəsində yerli KİV-ə bildirib ki, yaxın vaxtlarda tankerin ekipajında dəyişiklik baş verəcək.
Mübariz Mənsimov 2020-ci ilin martında Türkiyədə həbs olunaraq, FETÖ ilə əlaqədə ittiham olunub. Nəticədə onun biznesinə ciddi ziyan dəyib.

