6 illik fasilədən sonra azərbaycanlı hakimlərin ölkə xaricində təlim-məşq toplanışı təşkil olundu.
Yanvarın 8-də start götürən hazırlıq prosesi 10 gün davam edib.
Bir neçə gün əvvəl vətənə qayıdan referilərin qardaş ölkədəki fəaliyyəti barədə AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek Affa.az saytına geniş müsahibə verib.
O, təlim-məşq haqqında ağızdolusu danışıb.
Türkiyəlinin bir fikri xüsusilə diqqət çəkib.
O, 10 günlük səfər müddətində hakimlərin bir yoxlama oyununda belə fit çalmamasına belə izah verib:
“Təşkilati səbəblərdən hakimlərin oyun idarə etməsi mümkün olmadı. Təbii ki, alınsaydı, bunun faydalı tərəfləri də ola bilərdi. Amma təlim-məşq toplanışında əsas məqsədimiz hakimlərimizin matç idarə etməsi deyildi. Bu mənim şəxsi düşüncəmdir, razılaşmayanlar da ola bilər. Digər fikirlərə də hörmətlə yanaşıram. Adından da anlaşıldığı kimi əsas məqsəd təlim və məşq keçmək idi. Bizim əsas məqsədimiz hakimlərimizi texniki və fiziki olaraq çempionatın üçüncü və dördüncü dövrələrinə hazırlamaqdır. Hakimlərin biri-birilərinə uyğunlaşmaları, bir ailə kimi birlikdə olmaları baxımından toplanışın çox faydaları oldu.
Yoxlama oyunları idarə etməyə gəlincə sizə bir misal çəkim.Toplanışa Avropadan nüfuzlu mütəxəssis dəvət edirsən, onun təlim keçidiyi müddətdə 8 hakimi prossesdən ayırıb oyunlara təyin edirsiniz. Bu doğru deyil. Amma bir az öncə vurğuladığım kimi subyektiv yanaşmadır, fərqli fikirdə olanlar da ola bilər”.
İlk olaraq ondan başlayaq ki, həmin texniki və fiziki hazırlığı Bakıda da qalaraq yüksəltmək olardı. Hələ qalmaq üçün bütün şəraiti olan bölgələrimizi demirəm.
Sədr davamında bir ailə olmaq baxımından toplanışı faydalı hesab edib. Maraqlıdır, Bakıda və ya hansısa rayonumuzda bir aray gəlib, 10 gün eyni ortamı bölüşməklə həmin mənəvi məsələləri yoluna qoymaq olmazdı? Mənəvi bağlar bu qədərmi qopub ki, bunun üçün Antalya havası şərt olub?
Hər şey bir kənara, elə həmin Barış bəy cəmi 4 ay əvvəl mətbuat nümayəndələri ilə görüşündə bildirmişdi ki,uzun müddətdir ölkə xaricində toplanış keçirilməməməsinin səbəbini artıq türkiyəlilərin yoxlama görüşlərinə yalnız yerli hakimlərə maraq göstərməsi ilə bağlamışdı.
Belədə yoxlama matçı olmadan qardaş ölkəyə yollanmağı mənasız hesab etmişdi.
Görəsən, arxada qalan 4 ayda Barış bəy üçün nə dəyişdi?
Və ya meydandan kənarda həqiqətləri demək cəsarəti olmayan adam əlinin altındakı referilərə hansı cəsarəti aşılaya bilər?
XANOĞLAN İMANOV

