2023-cü ilin son ayı Xankəndiyə böyük futbolun 36 ildən sonra qayıdışı ilə yadda qaldı.
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK matçı (1:0) burada keçirildi.
Bu, həm də işğaldan azad olun Qarabağda keçirilən ilk futbol matçı kimi tarixə düşdü.
Bunda əməyi olan hər kəsə böyük təşəkkür düşür.
Həqiqətən, bəndənizin də iştirakçısı olduğu tarixi gün hər kəsin yaddaşına möhtəşəm anlarla həkk olundu.
Və ümid edirik ki, belə futbol matçlarından qədim Azərbaycan şəhərində tez-tez keçiriləcək.
Hətta növbəti qarşılaşmanın anonsunu da eşitməkdəyik.
Belə ki, yayılan iddialara görə, ölkə kubokunun 1/4 final mərhələsinin “Qarabağ” – “Sabah” görüşünün Xankəndi şəhər stadionunda keçirilməsi planlaşdırılır.
Belə xəbərlər bizi sevindirməyə bilməz. Yuxularımız gerçək olur.
Amma bir az realist olub, acı həqiqətlərdən də yan keçməmək lazımdır.
Söhbət Xankəndi stadionun yararsız durumda olan qazonundan gedir.
Meydançanın süni örtüyü faktiki olaraq istifadəyə yararsızdır. Açıq-aşkar görünürdü ki, futbolçuların zədə riski böyükdür. Əbəs deyil ki, oyundan sonrakı mətbuat konfransında "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov da meydançanın süni örtüyünün yaxşı vəziyyətdə olmadığını dilə gətirdi.
Xoşbəxtlikdən yalnız Riçard Almeydanın yüngül zədəsi ilə matçı başa vurmaq mümkün oldu. Məncə, bunda “Qarabağ”lı futbolçuların həddən artıq ehtiyatlı oyunu da böyük rol oynadı. Rəqibin səviyyəsi minimum güclə hədəfə çatmağa imkan verirdi.
Bu dəfə hər iki klub da Premyer Liqa təmsilçisidir. Güzəştsiz mübarizədə çox sayda futbolçunun xəsarət alması ilə qarşılaşa bilərik.
Ona görə də Xankəndidə növbəti futbol matçı istəyiriksə, örtüyün dəyişdirilməsi birinci şərt olaraq qabardılmalıdır.
Düzdü, birinci oyuna kimi çox qısa müddətdə “Qarabağ”, Peşəkar Futbol Liqası və Gənclər İdman Nazirliyi arenada böyük quruculuq işləri görə bilmişdi.
Demək olar ki, futbol məbədi sıfırdan hazır vəziyyətə gətirilmişdi.
Bura tribunaların oturacaqları, işıqlandırma sistemi, iş otaqları, paltardəyişmə otaqları, Media sektoru və.s daxildir.
Az zaman kəsiyində bu qədər əskiklərlə bərabər qazonun da ideal vəziyyətə gətirilməsi mümkünsuz idi.
Lakin bu dəfə zaman yetəri qədər var. “Qarabağ” – “Sabah” görüşü 6-7 fevral tarixlərindən birində baş tutacaq.
Bir aydan artıq müddətə asanlıqla örtüyü dəyişmək olar.
Ümid edək ki, Xankədidə baş tutacaq növbəti futbol bayramına bu dəfə əla qazon da öz töhfəsini vermiş olacaq.
XANOĞLAN / SPORTİNFO.AZ

