“10 gün ərzində iki ağır əməliyyat keçirdim, indi özümü nisbətən yaxşı hiss edirəm“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Xarı Bülbül”ün kapitanı Tural Həsənli deyib.
Bilindiyi kimi, 33 yaşlı oyunçunun “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb.
O, təcili Bakıya gətirilib və qısa müddətdə iki dəfə cərrahi müdaxiləyə məruz qalıb.
Daxili qanaxma keçirən və ölümdən dönən millimizin oyunçusu hazırda ev şəraitində müalicəsini davam etdirdiyini bildirib:
“Hazırda gündəlik dərmanlar qəbul edirəm və duru yeməklər yeyə bilirəm. Ağrılarım bir qədər azalıb.
Karyeramı nə vaxt bərpa edəcəyimi deyə bilmərəm. Deyəsən, müalicə prosesi hələ çəkəcək.
Çünki həkimlərin dediyinə görə, «on iki barmaq» hissədə yaralar yenidən açıla bilər. Gərək ehtiyatlı olum».

