Dünən gecədən bəri media bir-birinə dəyib.
Gözlər Türkiyədədir, baş verən hadisədədir.
“Ankaragücü”nün prezidenti Faruk Koca Super Liqada "Rizəspor"la oyundan (1:3) sonra meydana qaçaraq hakim Umut Melerin sifətinə zərbələr endirib.
Zərbədən sonra hakim qazona yıxılıb və daha bir neçə zərbə alıb, sol gözünün altında qançır yaranıb.
Buna Kocanın baş hakimin idarəçiliyindən kəskin narazı qalması səbəb olub.
Biz bu hadisəni qətiyyətlə pisləyir, günahkarların cəzalanmasını gözləyirik. Ankaradakı olay çox pis nümunədir və bir daha təkrarlanmamasını arzulayırıq.
Umut Meler Türkiyənin son illərdə ən üzdə olan hakimlərindən biridir. UEFA da onu qabağa çəkir, tez-tez təyinat verir.
Umut Meler bütün bunlara rəğmən, Super Liqada belə bir xoşagəlməz halla qarşılaşırsa, digərlərinin hansı təhdid və təzyiqlər altında meydana ayaq basmasını təsəvvür eləmək olar. Dəhşətli mənzərədir.
Açığı, oyunu tam izləmək imkanım olmayıb. “Ankaragücü”nün prezidentinin konkret hansı epizodlara görə referinin üzərinə şığıdığını deyə bilmərəm.
Faruk Kocanın oyunsonrası əsəbi görkəmini gördüm və bir anlıq onun azərbaycanlı həmkarlarına təşəkkür etmək keçdi ürəyimdən.
Azərbaycanın klub təsərrüfatında fəaliyyət göstərən, üzünü yaxından və uzaqdan gördüyümüz, fərqi yoxdur, Premyer Liqa olsun, I Liqa olsun, II Liqa olsun, hansı birində rəhbər vəzifə tutan şəxs varsa, hamısı qeyd-şərtsiz qəhrəmandır.
Buradakı hakimlik Türkiyə ilə müqayisəyə gəlmir. Bizdə problemlər daha çox, daha pisdir.
Faruk Koca qətiyyən haqq qazandırmıram, sadəcə, o döyülməyə layiq «fit sahibləri»nin sayının kifayət qədər olması fikrini qəbul edirəm.
Vallah, bizim çempionatda hər həftə baş verən biabırçılıqlar Türkiyədə olsaydı, bütün klublar federasiyanı boykot etmişdi. Sözü bir yerə qoyub, oyunlara çıxmazdılar.
Azərbaycanda durum başqadır, klubların demək olar hamısı bu və ya digər formada AFFA-dan asılıdır. Ortada maliyyə və kadr bağlılığı var, odur ki, səviyyəsiz və qərəzli hakim idarəçiliyinə qarşı ortaq mövqe nümayiş etdirə bilmirlər.
Bizdəki hakim rüsvayçılıqları Peşəkar Futbol Liqasından (PFL), onun rəhbərliyindən qaynaqlanır. Hakimlər Komitəsi? Bu komitə yalnız sözdə AFFA-ya tabedir.
Onun adı federasiyanın, dadı PFL-indir. Komitənin sədri Barış Şimşəkin həddi nədir ki, PFL-in prezidenti Elxan Səmədovla məsləhətləşmədən, ondan rəy almadan «x» hakimi harasa göndərsin, təyinat versin.
Hökm Elxan ağanındır. Bir Elxan gedb, digər Elxan gəlib - yenə köhnə hamam, köhnə tasdır.
Təzə Elxan ondan qabaq PFL-ə rəhbərlik etmiş Ramin Musayevin ölənlərinə hər gün min dəfə rəhmət oxutdurur. Gör heç səsi çıxır, hakimlik sektorundakı qalmaqallara aidiyyatlı olduğunu hiss etdirir?
Hamı düşüb futbolçuların üstünə, oyun «alver»inə girişənləri onların arasında axtarır. Biri qabağa keçib, hakimlərin qeyri-leqal bukmeyker kontorlarıyla əlaqəsinin olub-olmamasını araşdırırmı heç?
Premyer Liqa yenə göz qabağındadır, pis-yaxşı izlənilir. I Liqa və II Liqada əsl tragediya yaşanır.
Harada bisavad, atasından, anasından küsən, dünyadan bixəbər var, bu yarışlara təyinat alanların əksəriyyəti ondandır. Komanda idarəçiləri səbrlidir, hələ birinə bir çırtma vurmayıblar.
Vallah, hər həftə elə hoqqabazlıqlar olur ki, onları sadəcə yerində görmək, izləmək lazımdır. Aşağı liqaları yaxından təqib edən biri kimi deyə bilərəm ki, çox acınacaqlı hadisələr baş verir buralarda.
Elxan Səmədov isti kabinetində əyləşib komandalar arasında ayrı-seçkilik hallarına yol verdiyi kimi, bu hakimlərin bir çoxu da meydanda «dəlləklik» etməklə məşğuldur.
Kim yüngülvari narazılıq bildirir, elə o an ciblərindən qırmızı vərəqə çıxarırlar. Çoxu futbolun içinən çıxmayıb, vaxtilə futbolçu olmayıb deyə, oyunun havasını tutmaq hissi onlara yaddır.
Anlamırlar, savadsızdırlar, ya da ki, oyun «alver»inin tələblərini yerinə yetirlər. Son 7-8 ildə onlarla futbolçu, məşqçi, funksioner nəticələrin saxtalaşdırılmasına görə futboldan ömürlük uzaqlaşdırılıb.
Hamı «stavka» oynayır, bir hakimlər yox? İddia etmirəm, amma ona da inanmağım gəlmir.
MUSA

