Azərbaycanın məşhur özəl klinikalarından biri olan “Baku City Hospital”ın sahibinin dəyişməsi barədə bəzi mətbu orqanları tərəfindən xəbər yayılıb.
İddiaya görə, klinikanın yeni sahibi “Baku City Hospital”ı 8 milyon manata alıb.
O da qeyd olunub ki, sahibkar dəyişilsə də, hospitalın əvvəlki sahibi, ortoped-travmatoloq Bayram Qorçiyev baş həkim kimi vəzifəsində qalıb.
“Baku City Hospital” I Liqada çıxış edən “Difai“FK-nın sponsorlarından biridir.
Bu ildən peşəkar statuslu çempionatda mübarizə aparan Qarabağ qazilərinin təmsilçisinin tibbi sahə üzrə tərəfdaşı olan klinika ilə bağlı yayılan informasiyaları dəqiqləşdirmək üçün Bayram Qorçiyevlə əlaqə saxladıq:
“Rəsmi olaraq bildirirəm ki, “Baku City Hospital” heç kimə satılmayıb, klinika öz fəaliyyətini bizim rəhbərlik altında davam etdirir.
Bu cür yoxlanılmamış, əsası olmayan informasiyaların yayılması isgüzar imicimizə zərbə vurmaq məqsədi daşıyır, sığorta şirkətləri və həkimlərlə isbirliyimizə mənfi təsir göstərə bilər.
Bu gün işimizi günün tələblərinə uyğun qurmaq üçün yeni maliyyə mənbələri axtarırıq. İstəyərdik ki, kimlərisə ortaq işbirliyinə dəvət edək.
“Baku City Hospital” həmişə dövlətimizin və tibbimizin qulluğunda olub, ona sədaqətlə xidmət göstərib.
Klinikamız İkinci Qarabağ müharibəsində öz böyük həkim heyəti ilə yaralı əsgərlərimizin yanında yer alıb, bütün lazımı tədbirləri görüb.
Biz bunu ölkəmiz və vətənimiz qarşısında özümüz üçün borc bilmişik, gördüyümüz işləri reklam etməmişik.
“Baku City Hospital” bu yolda həmişə var və media vasitələrinə sözümüz budur ki, hər eşitdikləri xəbərə inanmasınlar”.
XANOĞLAN / SPORTİNFO.AZ

