«Qardaşım neçə gün idi reanimasiyada idi, dünən ümumi palataya köçürülüb».
Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin və «Xəzər Lənkəran»ın sabiq hücumçusu Zaur Ramazanov deyib.
O, «Səbail»in formasını geyinən Ağabala Ramazanovun Premyer Liqanın 12-ci turu çərçivəsində «Turan Tovuz»la keçirilən matçın (2:1) ilk hissəsində aldığı ağır zədədən danışıb.
Fasiləyə az qalmış hava mübarizəsində rəqib müdafiəçi Faiq Hacıyevlə toqquşan forvardın başı onun çənəsinə tuş gəlib.
Stadiondan birbaşa xəstəxanaya aparılan «dənizçi» hələ bir müddət həkim nəzarətində qalacaq: «Ağabala kəllə-beyin travması alıb.
Bəlkə də camaat elə bilir ki, qardaşım rəqib futbolçuyla baş-başa gəldiyi üçün belə zədə alıb. Əslində, səbəb başqadır.
Ağa toqquşmadan sonra huşunu itirib və bədəni üstə yerə yıxılıb. Özündə olmadığı üçün bütün ağırlığı boynuna düşüb.
Problem buna görə yaranıb. Xəstəxanaya aparıldığı gecə onunla danışmışıq.
Elə indinin özündə də hər gün danışırıq. İlk günlər baş ağrıları var idi, bu gün özünü daha yaxşı hiss edir.
Həkimlərin dediyinə görə, o, daha bir neçə gün xəstəxanada qalmalıdır.
Nə vaxt məşqlərə başlaya biləcək? Ən azı, bir ay gözləməlidir. Yəqin ki, ilin sonunadək tamamilə özünə gələcək».

