Azərbaycan Premyer Liqasında 11 tur arxada qalıb.
Amma bir futbolçu üçün mövsüm hələ də başlamayıb deyə bilərik.
Söhbət "Turan Tovuz"un müdafiəçisi Eltun Turabovdan gedir.
26 yaşlı futbolçu arxada qalan müddətdə nəinki bir dəqiqə meydana çıxmayıb, hətta ehtiyat skamiyada belə yer almayıb.
Amma qərb təmsilçisinin demək olar bütün oyunlarında Turabov tribunada yer alır.
Kiçik araşdırmadan sonra yaranmış müəmmaya aydınlıq gətirə bildik.
Gənclər millimizin sabiq üzvünün meydana çıxa bilməməsi vətəndaşlıqla bağlı yaşadığı problemə görədir.
Belə ki, Eltun Gürcüstanda dünyaya gəlib və qonşu ölkə vətəndaşıdır.
Amma aşağı yaş qrup millilərimizə dəvət aldığı üçün ona Azərbaycan passportu verilib.
Bu yay həmin pasportun möhləti bitib.
Yenilənməsi üçün müraciət olunanda isə gözləmədiyi durumla qarşılaşıb.
Nə AFFA, nə də Gənclər və İdman nazirliyi ona kömək etməyib.
Belədə sabiq milli üzvü ancaq legioner statusu ilə meydana çıxa bilər.
O isə hələki gözləmə mövqeyi tutmağı seçib.
Bəlkə, aidiyyəti qurumlar onun istəyinə müsbət cavab vermiş ola.
Xatırladaq ki, Eltun Turabovun "Turan"la müqaviləsi bu mövsümün sonuna kimidir. O, daha əvvəl "Sabah", "Sumqayıt", "Qarabağ" və "Bilis"in (Albaniya) şərəfin qoruyub.
XANOĞLAN / SPORTİNFO.AZ

