Canni De Byazi get-gedə bütün körpüləri yandırır.
Mətbuatla yola getməyən 67 yaşlı məşqçi normal suallara da aqressiv cavab verir, bəzən səs tonunu qaldırır, bəzən də konfransı yarımçıq tərk edir.
Seçmə mərhələnin sonuna yaxınlaşdıqca italiyalı mütəxəssis (bəzən ona mütəxəssis deməyə də adamın dili gəlmir) çox narahat olmağa başlayıb.
Hiss edir ki, onun Azərbaycanda qalmaq şansları azalır. Bu yaşdan sonra isə təbii ki, belə iş tapmaq müşkül məsələdir.
De Byazinin gərginliyi onun bütün açıqlamalarına da sirayət edir. Avstriya ilə oyundan öncə mətbuat konfransında Tofiq Bəhramov adına Respublika stadionunun qazonunu pis günə düşməsin deyə orada məşq etməyə icazə verilmədiyini dedi.
Halbuki məsələ tamamilə başqa cür olub və AFFA da sonradan məşqçinin açıqlamasını dolayısı ilə təkzib etdi. Matçdan bir gün əvvəlki məşqlə bağlı stadion tərəfindən heç bir məhdudiyyət qoyulmayıb.
Əksinə, De Byazi “Dalğa”dan “Tofiq Bəhramov”a gəlməyin gec olacağını deyərək Mərdəkanda məşq etməyə üstünlük verdi.
Onun bu cür məsuliyyətsiz açıqlaması isə AFFA ilə Gənclər və İdman Nazirliyinin arasını vura bilərdi. Avstriyalılarla oyun vaxtı da gördük ki, qazonla bağlı heç bir problem yoxdur, otun vəziyyəti yaxşıdır.
AFFA-nın baş katibi Sərxan Hacıyev De Byazinin göndərilməsinin tərəfdarı olsa da, yenə də bəzi qüvvələr baş məşqçinin müqaviləsini uzatmağa çalışırlar.
Əslində, bəzi dedikdə, bu qüvvələr hər kəsə məlumdur – AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, FİFA-da işləsə də federasiyada ictimai əsaslarla vitse-prezident qalan Elxan Məmmədov, bəzi İcraiyyə Komitəsi üzvləri və Elxan Tağızadə. Aydındır ki, ideya müəllifi Parisdə oturub, digərləri isə Bakıda onun fikirlərinə dəstək verirlər.
Nəsirovun Avstriya ilə oyundan sonra mətbuata qısa açıqlama verməsini də təsadüfi saymaq olmaz. Ayrı vaxt Nəsirov illərlə mediaya yaxın getməz, hər zaman mətbuatdan uzaq qaçardı.
İndi isə o, “məşqçi dəyişmək uğura təminat vermir” deyərək, gələcəklə bağlı ilkin siqnalları ötürür. AFFA və SOCAR-ın vitse-prezidenti “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da bostanına daş atıb.
Onun səsləndirdiyi “milli və klub məşqçilərinin işi tam fərqlidir. Çünki klubda məşqçi istədiyi futbolçunu sərəncamında görə bilər” fikri, heç şübhəsiz ki, Qurbanova ünvanlanıb.
Hamı bilir ki, Qurbanovun o vaxt yığmadan göndərilməsinin əsas təşəbbüskarlarından biri məhz Elşad Nəsirov idi.
Belə görünür ki, Sərxan Hacıyevi qarşıda daha bir ağır “döyüş” gözləyir. O, De Byazini göndərmək üçün AFFA və SOCAR-da bir çox adamlara qarşı çıxmalı olacaq.
Amma bir məsələ var ki, ictimaiyyət gənc baş katibin tərəfindədir. Əgər o, bu ağır qarşıdurmadan qalib ayrıla bilsə, öz mövqeyini xeyli möhkəmləndirmiş olacaq.
SPORTİNFO.AZ

