«AFFA uzun illər ərzində yanlış siyasət aparıb, odur ki, bu gün ölkə xaricində çıxış edən azərbaycanlı futbolçuların sayı olduqca azdır».
Bu sözlər Sportinfo.az saytının təsisçisi İlkin Vaqifoğluna məxsusdur.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində xarici klubların millimizin oyunçularına zəif maraq göstərməsindən danışıb:
«Hazırda Azərbaycan yığmasının cəmi 8 futbolçu legioner həyatı yaşayır. Halbuki vaxtında AFFA tərəfindən düzgün yanaşma olsaydı, bu gün onların sayı 8-ə deyil, 18-ə çatardı.
Bizdə perspektivli gənclər çoxdur. Düşünürəm ki, milli seçmə mərhələnin qarşıdakı oyunlarında ardıcıl 2-3 qələbə qazansa, real təkliflər artacaq, xaricə çıxacaq futbolçularımızın siyahısı genişlənəcək.
Bu, təbii proses olmalıdır. Süni surətdə bu iş görülməz.
Millinin uğurlu çıxışı üçün ciddi işlər görülməlidir. Bu gün Canni De Byazi və ya hansısa əcnəbi burada nəsə edə bilməz.
Xarici məşqçi sevgisi bitməlidir. AFFA-nın baş katibi Sərxan Hacıyev millinin yerli mütəxəssislərdən birinə tapşırılmasını istəyir.
Düz də edir. İcraiyyə Komitəsi onun sözünə qulaq asmamaqla səhv etdi».

